- İnqilab Şahbazov
Tədqiqat planını (research proposal) necə yazmalı?
Tədqiqatçı olaraq bəzən sizdən tədqiqat planı hazırlamaq tələb edilə bilər (məsələn, qrant və ya doktorantura təhsili ilə bağlı müraciətinizin uğurlu nəticələnməsi üçün) Bu məqalədə planda nələrin əhatə edilməli olduğuna dair həm mütəxəssislərin (Marshall and Rossman[1], Silverman[2]) tövsiyələri, həm də şəxsi təcrübəm əsasında gəldiyim qənaətlər qısa olaraq təqdim edilir.
Tədqiqat ya elmi ictimaiyyət, yaxud cəmiyyət (bəzən ikisi üçün də) üçün əhəmiyyətli olmalıdır. Həm maliyyə dəstəyi verən qurumlar, həm də doktorantura səviyyəsində tələbə qəbul edən universitetlər adətən innovativ, yenilikçi, qaranlıq məqamlara aydınlıq gətirən araşdırmaları, eləcə də aktual olan məsələləri əhatə edən tədqiqatları dəstəkləməkdə daha maraqlı olurlar. Məhz buna görə də tədqiqatçı öz araşdırmasının əhəmiyyətini sübut etməli, işinin faydalı (praktiki və nəzəri) nəticələrin əldə edilməsinə xidmət göstərəcəyini göstərməlidir.
Tədqiqatın metodologiyası aydın yazılmalıdır. Tədqiqat mövzusu hər nə qədər maraqlı və aktual olsa belə, müəyyən zaman və imkanlar çərçivəsində onu gerçəkləşdirmək hər zaman mümkün olmaya bilər. Metodologiya hissəsində ən azı aşağıdakılar əksini tapmalıdır:
- Tədqiqat strategiyası və məlumat toplama metodları İstifadə ediləcək tədqiqat strategiyası və məlumat toplama metodları və onların seçiminin əsaslandırılması göstərilməlidir.
- Tədqiqat subyektlərinin və ya elementlərinin seçim proseduru Araşdırma üçün lazım olan subyektlərin axtarılma və seçilmə üsulları ilə yanaşı, digər texniki məsələlər (seçmə xətaları, mükafatlandırma vasitələri və s.) göstərilməlidir
- Məlumatların təhlili
Tədqiqatda toplanan datanın hansı üsullarla təhlil ediləcəyi yazılmalıdır.
- Əxlaqi, siyasi, qanuni və praktiki məsələlər Araşdırmanın gedişatında meydana çıxa biləcək mümkün etik, siyasi, qanuni və praktiki məsələlər (məsələn, iştirakçıları mümkün zərər və ziyandan mühafizə etmək yolları) müəyyənləşdirilir, onların həlli yolları müzakirə edilir.
Tədqiqat planının strukturu
- Tədqiqatın adı
- Giriş və məqsəd (bunlar ayrı və ya birlikdə yazıla bilər) Yığcam formada mövzunun aktuallığı və araşdırmanın əhəmiyyəti diqqətə çatdırılmalıdır. Təklif edilən metodoloji yanaşmanın əsas cəhətləri də əksini tapmalıdır
- Mövzu və tədqiqatın məqsədləri Araşdırılacaq mövzu barədə ətraflı söz açılır. Daha sonra araşdırmanın hədəfləri diqqətə çatdırılır.
- Ədəbiyyat
Mövzu üzrə aparılmış tədqiqat işləri, onların nəticələri, eləcə də, ədəbiyyatdakı çatışmazlıqlar və boşluqlar nəzərə çatdırılır. Təklif edilən araşdırmanın məqsədləri və onun ədəbiyyatdakı yeri müzakirə edilir, araşdırmanın əhəmiyyəti əsaslandırılır. (qeyd - ədəbiyyatın icmalı heç də həmişə tələb edilmir)
- Metodologiya
- Tədqiqatın gözlənilən töfhələri (həm nəzəri, həm də praktiki)
Əgər tədqiqat işiniz biliklərimizi artırmır, yenilik gətirmir və ya hansısa problemin başa düşülməsində/həllində faydalı olmursa, bir daha düşünün.
- Araşdırmanın icrasına dair cədvəl və büdcə
Cədvəl görüləcək işləri əks etdirməklə yanaşı, reallığa uyğun tərtib edilməlidir. Xərclər smetasının əks edildiyi büdcə də göstərilməlidir.
[1] Marshall, C., & Rossman, G. B. (1995). Designing Qualitative Research. London: Sage Publications [2] Silverman, D (2013) Doing Qualitative Research: A Practical Handbook. UK, SAGE [3] Giddens, A and Sutton, W.P. (2013). Sociology. UK, Polity Press, s.34
[IS1]Bu diaqram silinsin