- İnqilab Şahbazov
Tədqiqat dizaynları
Updated: Feb 27, 2022
Səyahət planlaşdırdığınızı və tədqiqat dizaynını isə xəritə kimi düşünün. A-dan B nöqtəsinə getməlisiniz. Bunun üçün müxtəlif marşrutlar, nəqliyyat vasitələri, gedəcəyiniz məntəqədə gecələmək üçün fərqli mehmanxanalar və s. var. Yəni, A-dan B nöqtəsinə müxtəlif variantlarla getmək və orada qalmaq olar.
Tədqiqat da belədir - demək olar ki, bütün mövzuların tədqiqində müxtəlif variantlar var. Məqsədinizə necə çatmağı planlaşdırdığınızı məhz tədqiqat dizaynında canlandırmalısınız. Dizayn məlumat toplama alətindən, seçmə yanaşmasından və s. asılı deyil - o, böyük çərçivədir və içərisini doldurmaq lazımdır.
Metodologiyada mövcud olan bir neçə tədqiqat dizaynı aşağıdakılardır.
Birdəfəlik tədqiqat
Birdəfəlik tədqiqatla xassənin indiki zamandakı durumu öyrənilir. Respondentlərin müəyyən mövzu və məsələ üzrə rəylərini, eləcə də, hər hansı vəziyyəti statik zamanda (bir dəfəyə) öyrənən tədqiqat strategiyası məhz bu qəbildəndir. Birdəfəlik tədqiqatlar təkrar tədqiqatlara nisbətdə daha geniş yayılmışdır. Ali təhsil müəssisələrinin tələbələri ümumiyyətlə, demək olar ki, yalnız birdəfəlik tədqiqatlar aparır.
2. Təkrar və longityud tədqiqat
Bu dizaynın səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, burada obyektin müəyyən müddət (həftələr, aylar, illər) ərzində dəyişən keyfiyyət xüsusiyyətləri öyrənilir. Başqa sözlə, bu tədqiqat strategiyasında eyni subyekt, yaxud subyektlərin müəyyən müddət üzrə inkişaf meyilləri və dəyişən xüsusiyyətləri vaxt intervalı ilə öyrənilir.
Nümunə (1) – Uşaqların vəziyyətini illər üzrə öyrənmək
ABŞ-da Təhsil Departamenti və Təhsil Statistikasının hazırlanmasından məsul olan Milli Mərkəzin təşəbbüsü əsasında bir sıra yerli orqanların iştirakı ilə longityud tədqiqat aparılıb. ‘‘The Early Childhood Longitudinal Study, Birth Cohort (ECLS-B)’’ adlanan layihə çərçivəsində 2001-ci ildə dünyaya gələn uşaqlar ibtidai məktəbə başlayana qədər müntəzəm aralıqlarla ziyarət edilir. Hər ziyarətdə uşaqların özləri və ailələrin vəziyyəti, sağlamlıq durumu, ev daxilində və evdən kənar sosial fəaliyyətləri və uşaqların bağça təcrübəsi öyrənilib. Tədqiqatın məqsədi Amerika ailələrində uşaqların böyüdülməsi və yetişdirilməsinin (sosiallaşmasının) müfəssəl araşdırılması, nəticələr əsasında müvafiq orqanların xidmətlərinin təkmilləşdirilməsindən ibarət olub.
Mənbə - The Early Childhood Longitudinal Study, Birth Cohort (ECLS-B) - https://nces.ed.gov/ecls/birth.asp
Nümunə (2) – Oğlanlar niyə cinayətə əl atır? 40 ildən çox davam edən tədqiqat
1961-ci ildə Kembric Universitetində başlayan və bir neçə on illik davam edən kriminoloji tətqiqat longityud dizayna əsaslanıb. Tətqiqat çərçivəsində 1953-54 cü illərdə Londonda doğulmuş, dövlət məktəblərində təhsil alan 411 oğlan və Kembric şəhərindəki bir məktəbdən isə 12 oğlan əhatə edilib. İştirakçılar 8-9, 10-11 və 14-15 yaşlarında məktəbdə dərinləşdirilmiş müsahibələrdə iştirak etmişlər. Daha sonra onlar 16-18, 21-25, 32-46 və 50 yaşlarında (yəni, həyatlarının müxtəlif çağlarında) müsahibələr vermişlər. Paralel olaraq iştirakçıların məktəbdəki sinif yoldaşları və müəllimləri, eləcə də valideynləri ilə də müsahibələr aparılıb.
Mənbə - Cambridge Study in Delinquent Development
Nümunə (3) – ABŞ əhalisini 1972-ci ildən etibarən öyrənən sorğu
Çikaqo Universiteti tərəfindən 1972-ci ildən etibarən ABŞ əhalisini əhatə etməklə hər il keçirilir (1994-cü ildən etibarən hər iki ildən bir). Longityud sorğunun məqsədi ABŞ əhalisinin bir neçə sosial, iqtisadi, siyasi və mədəni məsələlərə baxışlarını izləmək (monitorinq xarakterli), eləcə də, bəzi şəxsi məsələlər (məsələn, seksuallıq) barədə davranışlarını öyrənməkdir. Bəzi suallar bəzi illərdə keçirilən anketlərdə verilməsə də, əksər suallar bütün illər üzrə verilib. Sorğu respondentlərlə üz-üzə aparılır, və 90 dəqiqə civarında davam edir ki, bu da anket sorğusu üçün olduqca uzun müddətdir (nadir haldır).
3. Eksperiment
Burada hipotezin yoxlanması və ya dəyişənlər arasında səbəb-nəticə əlaqələrinin öyrənilməsi nəzərdə tutulur. Təbii, tamamilə süni və yarı-süni (yarı-təbii) şəraitlərdə keçirilə bilər. Fərz edək ki, iqtisadçılar təbii şəraitdə minimum əməkhaqqı səviyyəsinin qalxmasının əhalinin alıcılıq qabiliyyətinə təsirini öyrənmək istəyirlər. Eksperimental yanaşmada onlar bu əlaqəyə təsir edə biləcək mümkün amilləri də nəzərə alaraq, bir dəyişənin (asılı olmayan və ya müstəqil) digərinə (asılı olana) təsirini ölçə bilər. Süni şəraitdə (məsələn, laboratoriyada) çoxsaylı psixoloji eksperimentlərin aparılmış olduğunu qeyd etmək lazımdır. Klassik eksperimentlərdə subyektlər iki qrupa - təcrübə və nəzarət - ayrılır. Təcrübə qrupu müdaxiləyə məruz qaldığı halda, digər qrupa müdaxilə edilmir.
Nümunə (1) – Dadli (ing. Dudley) küçə işıqlandırması eksperimenti – işıq səviyyəsi cinayətə təsir edirmi?
– 1999-cu ildə nəşr edilən araşdırma sosiologiya və kriminologiya sahəsində ən mötəbər eksperimentlərdən biri sayılır. İngiltərənin Stok şəhərinin Dadli bölgəsində aparılmış eksperimentin məqsədi küçə işıqlandırmasının cinayət hallarının sayına təsirinin olub-olmamasını öyrənmək idi. Burada tədqiqatçı heyət eyni bölgədə üç fərqli küçəni seçmişdi, çünki küçələrin işıqlandırma səviyyələri fərqli idi. Küçələrdən biri təcrübi (işıqlandırma səviyyəsi burada artırılmış idi), digəri isə nəzarət qrupuna aid idi (işıqlandırma səviyyəsi dəyişdirilməmiş idi). Üçüncü küçə isə həmin küçələrə qonşu küçə idi. Tədqiqatçılar cinayət hallarının sayını iki vasitə ilə ölçüb – viktimizasiya sorğusu və polis tərəfindən verilən qeydə alınmış cinayətlərin sayı. Viktimizasiya sorğusu nəticələri göstərdi ki, həm təcrübi, həm də qonşu küçədə cinayət hallarının sayı işıqlandırma səviyyəsinın artırılmasından sonra azalıb. Lakin polis tərəfindən verilən qeydə alınmış cinayətlərin sayında hansısa azalma müşahidə edilməyib.
Mənbə - Painter, K., Farrington, D (1999). Improved Street Lighting: Crime Reducing Effects and Cost-Benefit Analyses. Security Journal 12, 17–32.
Nümunə (2) - İngiltərədəki iş yerlərində irqi ayrıseçkilik
Əmək və Pensiya Departamenti (DWP) tərəfindən təşkil olunmuş Milli Sosial Tədqiqat Mərkəzinin tədqiqatçıları 2008-ci ilin Noyabr və 2009-cu ilin May ayları arasında 987 cari vakansiya üçün 3 fərqli müraciət göndərir. Hər müraciətdə fərqli etnik qrup nümayəndələrinin adlarından (Nazia Mahmood, Marian Namagembe və Alison Taylor) istifadə edilir. Lakin hər üç ‘‘xəyali’’ namizəd oxşar təcrübə və ixtisaslara malik şəxs kimi təqdim edilir. Hər ‘‘xəyali’’ müraciətçinin İngiltərə təhsili və iş stajı var idi. Vakansiyalar olaraq mühasib və IT mütəxəssisi kimi yüksək ixtisaslı vəzifələrdən tutmuş, sıravi işçi və satış köməkçiləri vəzifələri kimi nisbətən daha az maaşlı vəzifələrə qədər 9 peşə seçildi. Bütün iş vakansiyaları Birminqem, Bredford, Bristol, Qlazqo, Lids, London və Mançesterdə yerləşən özəl, dövlət və könüllü sektorlarda idi.
Araşdırmanın nəticələrinə əsasən, ağ dərili əhali (ingilislər) və etnik azlıqlar arasında işəgötürənlər arasında münasibət fərqinin irqi ayrıseçkilikdən başqa səbəbi yoxdur. Dövlət sektorundakı işəgötürənlərin özəl sektordakı həmkarlarına nisbətən irqi zəmində daha az ayrıseçkiliyə yol verdikləri müəyyən edildi. Son olaraq isə, tədqiqatçılar ağ dərili əhalidən olduğu dərhal müəyyən edilə bilən müraciətçinin (Alison Taylor) müsahibə və ilkin telefon danışığına ortalama 9 müraciətdən sonra dəvət edildiyini müəyyən ediblər. Analoji rəqəm digər namizədlər üçün 16-a bərabər olub.
Mənbə - The Guardian (2009) Undercover job hunters reveal huge race bias in Britain's workplaces.
4. Keys stadi (nümunələrin müfəssəl tədqiqi) - Bu strategiya çərçivəsində hadisənin, prosesin, fərdin, ölkənin, sistemin və s. hərtərəfli tədqiqi baş tutur. Belə araşdırmalar izahedici, təsviredici və kəşfiyyat xarakterli ola bilər. Nümunələrin müfəssəl tədqiqi strategiyasından, əsasən, qəliz məsələnin başa düşülməsi, müəyyən siyasətin və işin qiymətləndirilməsi, eləcə də, kompleks hadisələr arasındakı əlaqələrin müəyyən edilməsi üçün geniş istifadə edilir. Öyrənilən məsələnin bütün cəhətləri ətraflı tədqiq edilir ki, bu da nümunələrin müfəssəl tədqiqini digərlərindən fərqləndirir. Məsələn, Afrika qitəsindəki ölkələrin əksəriyyəti maddi cəhətdən yoxsul olmaqla yanaşı, infrastruktur cəhətdən də zəifdir. Lakin istisna hal kimi Cənubi Afrika dövləti fərqlənir. Məhz keys stadi strategiyası çərçivəsində yalnız Cənubi Afrika dövləti element kimi götürülərək, inkişafının səbəbləri hərtərəfli öyrənilə bilər.
Nümunə (1) – Bir polis məntəqəsinə baxaraq polisləri anlamaq
Britaniyalı polis əməkdaşı və professoru Saymon Holdeveyin gizli müşahidə ilə həyata keçirdiyi tədqiqatın dizaynı məhz bir keysin öyrənilməsi olub. 1970-ci illərdə London şəhər polis idarəsində serjant rütbəli polis əməkdaşı kimi çalışan Holdevey həmkarları, eləcə də, idarənin vəzifəcə daha yüksək ranklı əməkdaşlarını müşahidə edərək polis işinin keyfiyyət xüsusiyyətlərini qələmə alıb. Beləliklə, Holdevey sırf bir məntəqənin timsalında poliş işinin incəliklərini detallı şəkildə öyrənib.
Mənbə - Simon Holdaway (1979) Inside the British police: A force at work. London: Hodder and Stoughton Educational.
Nümunə (2) – İşsiz olmaq sizdə nə hisslər yaradır?
İşsizliyin yaratdığı narahatlıq və problemlər və hissləri müfəssəl öyrənmək üçün Makki və Bell 45 evli cütlüklə intervü aparıb. Burada coğrafi olaraq keys qısa müddət ərzində işsizliyin kəskin dərəcədə artdığı kiçik şəhər olub. Tədqiqatçıların məqsədi belə bir kontekstdə işsizliyin insanlarda yaratdığı təcrübə və hisslər olub. Sırf bu nəticələr əsasında müəlliflər qısa müddət ərzində işsizliyin kəskin dərəcədə artdığı ərazilərdəki işsizlik məsələsinin sosioloji və psixoloji cəhətlərini öyrənərək, oxşar ərazilərdə də oxşar vəziyyətin ola biləcəyinə dair fərziyyələr irəli sürüblər.
Mənbə - Mckee, L. and Bell, C. (1985) 'Marital and family relations in times of male unemployment,' in Roberts, B., Finnegan, R., and Gallie, D., New Approaches to Economic Life.Manchester: Manchester University
5. Müqayisə xarakterli tədqiqat
İki, və ya daha çox subyektin biri-biri ilə müqayisəli şəkildə tədqiq və təhlili müqayisəli tədqiqat adlanır. Müqayisə predmeti hər şey ola bilər – şəxslər, ölkələr, sistemlər, siyasi proseslər, dövrlər və s.
Nümunə (1) - Cinayətdən zərər çəkmək qorxusuna təsir edən amillər
Cinayətdən zərər çəkmək qorxusunun determinantları (ona təsir edən dəyişənlər) son üç onillikdə geniş araşdırılsa da, ədəbiyyatda bir neçə boşluq, yaxud çatışmazlıq qalmaqdadır. Belə ki, müqayisə xarakterli tədqiqatlarla yanaşı, polisə olan münasibəti müstəqil (izahedici) dəyişən kimi nəzərə alan araşdırmaların sayı olduqca azdır. Polis fəaliyyətinin subyektiv qiymətləndirməsinin cinayətdən zərər çəkmək qorxusuna necə təsir etdiyini anlamaq onların icma nümayəndələri ilə münasibətinin keyfiyyətini artırmaq, eləcə də, vətəndaşların qeyri-rəsmi sosial nəzarət funksiyasını gücləndirmək cəhətdən vacibdir. Bu tədqiqat Struktur Tənlik Modelləşdirilməsindən (Structural Equation Modeling) istifadə edərək 7 inkişaf etməkdə olan Karib dənizi ölkələrində vətəndaşların cinayətdən zərər çəkmək qorxusuna polisə etimadın potensial təsirini təhlil edir. Məlumatlar 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının sorğusunda hər ölkənin reprezentativ seçməsi əsasında toplanmışdır. Polisə inam cinayətdən zərər çəkmək qorxusuna əhəmiyyətli və qismən dolayısı yolla təsir edir. Eləcə də, icma və fərdi səviyyə xüsusiyyətlərinin özləri də etimad (inam) səviyyəsinə və qorxuya təsir edir.
Mənbə - Alda, E., Bennett, R.R. and Morabito, M.S. (2017), Confidence in the police and the fear of crime in the developing world. Policing: An International Journal, 40(2), 366-379.
Nümunə (2) - Penitensiar xidmətlərin beynəlxalq müqayisəsi
Kavadino və Diqnan 12 kapitalist sistemdəki penitensiar xidmətləri işləmə mexanizmlərini beynəlxalq müqayisəli təhlil edib. Onlar bu məqsədlə hər bir ölkədəki azadlıqdan məhrumetmə cəza tədbirinin istifadə nisbəti, siyasi idarəetmə modeli və iqtisadi modelini əlaqəli şəkildə öyrənib. Nəticədə müəlliflər 4 müxtəlif penitensiar xidmət modelinin olduğunu müəyyən edib.
Mənbə - Cavadino, M. and Dignan, J. (2006), Penal Systems: A Comparative Approach. Thousand Oaks and New Delhi: Sage Publications.
6. Metodiki qarışıq yanaşma
Metodiki qarışıq yanaşma iki cür ola bilər - metodlararası və metoddaxili. Əgər metodlararası yanaşmada tədqiqatçı birdən çox məlumat toplama üsulundan istifadə edirsə, metoddaxili yanaşmada eyni metoddan fərqli formalarda istifadə edilir. Məsələn, intervünün müxtəlif növləri mövcuddur. Tədqiqatçı fərqli intervü tiplərindən (qapalı suallardan ibarət anket sorğusu ilə açıq suallardan ibarət keyfiyyət intervüsü) istifadə edərək eyni mövzunu bir araşdırma çərçivəsində tədqiq edərsə, bu, metoddaxili qarışıq yanaşma adlanır. Əgər araşdırmada dərinləşdirilmiş intervü ilə iştiraklı müşahidədən istifadə edilirsə, bu, metodlararası qarışıq yanaşma hesab edilir, çünki onlar ayrı məlumat toplama metodlarıdır.
Nümunə (1) – Şagird və müəllimlərin sinifdəki davranışları
Aldric və Freyzer tərəfindən Avstraliya və Tayvan məktəblərində aparılmış araşdırma çərçivəsində metodiki qarışıq yanaşmadan (metodlararası) istifadə edilib. Tədqiqat müəllifləri ilk olaraq Avstraliyada 50 sinifdə 1081 və Tayvanda 50 sinifdə 1879 şagirdlə anket sorğusu aparmış, daha sonra, sinifdə müşahidə və şagirdlər və pedaqoji heyətlə dərinləşdirilmiş müsahibələr aparıb. Məqsəd Avstraliya və Tayvan kimi bir-birindən fərqli cəmiyyətlərdəki siniflərdə dərs zamanı hansı proseslərin baş verməsi və bu proseslərin səbəblərini öyrənmək idi.
Mənbə - Aldridge, J., Fraser, B. (2000). A Cross-cultural Study of Classroom Learning Environments in Australia and Taiwan. Learning Environments Research 3, 101–134 https://doi.org/10.1023/A:1026599727439
Nümunə (2) – Azərbaycan əhalisinin odlu silahlara münasibəti
İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə həyata keçirdikləri kriminoloji tədqiqatda metodiki qarışıq yanaşma (metodlararası) istifadə edilib. Belə ki, elmi-tədqiqat işinin məqsədi əhalinin odlu silahlara və odlu silahların tənzimlənməsinə dair qanunvericiliyə münasibətini öyrənmək olub. 589 nəfərlə anket sorğusu və 19 nəfərlə dərinləşdirilmiş müsahibə keçirilərək məlumat toplanıb. Seçmə təsadüfi olmayan qaydada ərsəyə gətirilib.
Mənbə - Shahbazov, I. and Afandiyev, Z. (2020) An Explorative Analysis of the Perception of Guns and Gun Laws in Azerbaijan using a mixed-methods approach, Caucasus Survey, 4(2), 1-20
7. Qiymətləndirici tədqiqat
Qiymətləndirici tədqiqat (qiymətləndirici də adlanır) strategiyasında məqsəd mövcud situasiyasının durumunu, yaxud mövcud vəziyyətin dəyişdirilməsi məqsədilə tətbiq edilən müdaxiləninnəticəsini öyrənməkdir.[1] Diqqət mərkəzindəki fəaliyyətin, prosesin və işin müxtəlif cəhətlərinin qiymətləndirildiyi bu tip tədqiqatların yekununda, adətən, problemlərin həllinə dəstək məqsədilə təkliflər paketi də hazırlanır.[2] Xəstəxanada həkimlərin fəaliyyəti və xəstələrin səhiyyə xidmətindən razılığı, şirkətin reklam strategiyasının effektivliyi, məktəb kurrikulumunun şagirdlər üzərində təsiri kimi çoxsaylı proqram və xidmətlərin vaxtaşırı dəyərləndirilməsi məhz belə tədqiqatlar vasitəsilə həyata keçirilir.
Mənbə [1] Rossi, P.H. Freeman, H.E & Lipsey, M.W (2002) Evaluation. A Systematic Approach. Sixth Edition. SAGE Mənbə [2] Weiss, C.H. (1972) Evaluation Research: methods for assessing program effectiveness, Englewood Cliffs.
Nümunə (1) Təhlükəsizlik kameralarının cinayət səviyyəsinə təsiri
ABŞ-ın Viskonsin ştatında 2020-ci ildə aparılmış kriminoloji qiymətləndirici araşdırmanın iki məqsədi var idi; a) ştat polisinin müxtəlif yerlərə yerləşdirdiyi təhlükəsizlik kameralarının cinayət səviyyəsinə təsiri və b) həmin kameraların cinayətkarın tapılmasında faydasını öyrənmək. Bunun üçün tədqiqatçılar kameraların yerləşdirildiyi ərazilərin bundan öncə və sonrakı dövrlərdəki cinayət statistikasını analiz edib. Yekunda tədqiqatçılar Viskonsin ştat polisinin bu strategiyasının məqsədə nəzərən məhdud dərəcədə faydalı olduğunu aşkar ediblər.
Mənbə - Lawrence, S.D., Peterson, E.B. and Robin, L. (2020) How do close-circuit television cameras impact crimes and clearances? An evaluation of the Milwaukee police department’s public surveillance system. Police Practice and Research
Nümunə (2) Polis və sosial işçilərin əməkdaşlığı
Dövlət orqanları arasında koordinasiyalı fəaliyyət kontekstində bir çox yüksək ranklı idarəçi, sosial siyasət planlaşdırıcıları və siyasətçilər polis və sosial işçilərin bir-birinə daha yaxın bir şəkildə çalışması lazım olduğu fikrini müdafiə edir. Lakin bu peşələrin səciyyəvi xüsusiyyətlərinin araşdırılması onların arasındakı fərqlərin oxşarlıqlarından çox olduğunu göstərir. Üstəlik, bu fərqlər səthi deyil - əksinə hər peşənin oturuşmuş mədəniyyəti və quruluşu, eləcə də, bütövlükdə cəmiyyətin strukturundan qaynaqlanır. Real keyslərin əsasında aparılan bu təhlil polis-sosial işçi əlaqələrini yaxşılaşdırmaq üçün irəli sürülən təkliflərin həyata keçməsinin mümkün olmadığını, hər bir peşənin sadəcə öz ictimai rolunu yerinə yetirməsinin daha faydalı olacağını göstərir.
Mənbə - Bar‐On, A. (1995). They have their job, we have ours: Reassessing the feasibility of police‐social work cooperation. Policing and Society, 5(1), 37–51. https://doi.org/10.1080/10439463.1995.9964709