- İnqilab Şahbazov
Neçə respondent seçməli?
Updated: Feb 28, 2022
Niyə seçmə aparılır?
Tədqiqatın maraq mərkəzindəki bütün elementlərin hər birini tədqiq edə bilmədiyindən, tədqiqatçılar özündə ümumi əhali qrupunun xüsusiyyətlərini mümkün qədər təmsil edən seçmə yaxud nümunə müəyyən etməlidir. Tədqiqatın maraq mərkəzində olan bütün toplu baş məcmu, baş məcmunun obyektlərinin xarakteristikalarını özündə ehtiva edən ölçü olaraq daha kiçik qrup isə seçmə və ya nümunə adlanır. Nələr baş məcmu ola bilər? Bütün ölkə, yaxud seçdiyiniz coğrafi ərazinin əhalisi, tələbələrin, yaxud şirkətdəki əməkdaşların siyahısı, telekanalların siyahısı, sığınacaqdakı qadınların siyahısı və s. Lakin unutmayın ki, heç də həmişə baş məcmu mövcud olmur. Məsələn, Bakıda dünyaya gəlib, Quba rayonuna işlə bağlı köçən şəxslər kimi spesifik qrupun tədqiqində böyük ehtimalla, baş məcmu tapa bilməyəcəksiniz.
Seçmə metodunun müəyyənləşdirilməsi prosesində ilkin mərhələ seçmə planının hazırlanmasından ibarətdir. Burada tədqiqatçı ən azından bu məqamları nəzərə alınmalıdır - a) əhalinin ölçüsü; b) seçmə məcmusunun coğrafi yerləşməsi; c) tədqiqatın məqsədi və metodoloji mövqeyi (kəmiyyət, yoxsa keyfiyyət metodologiyası, tədqiqat strategiyası və məlumat toplama metodları - çünki bütün bu elementlərin seçmə metodu ilə bilavasitə əlaqəsi var); ç) maddi imkanlar və məhdudiyyətlər (tədqiqat üçün ayrılan vəsait və vaxt); d) tədqiqat nəticələrinin istifadə təyinatı (məsələn, tədqiqat əsasında siyasət sənədimi hazırlanacaq, yoxsa tədqiqat kəşfiyyat xarakterlidirmi?)
Reprezentativlik, yaxud təmsilçilik dedikdə seçmə məcmunun baş məcmunun parametrlərini və mahiyyət elementlərini əks etdirməsi kimi başa düşülür. Məsələn, universitetdə 20,000 tələbə var. Əgər siz yalnız sosiologiya təhsili alanlarla sorğu aparsanız, bu, universitetdəki tələbə kontingentini təmsil etməyəcək, və beləliklə, nəticələrinizi ümumiləşdirmə bilməyəcəksiniz.
Qeyd – 100,000 respondent düzgün seçmə üsulu ilə seçilməyibsə, onların nəticəsi düzgün prosedurlar ilə seçilmiş 1000 respondentin nəticəsindən daha az reprezentativ olacaq.
Elementlərin seçilmə ehtimallarından asılı olaraq, seçmə metodları iki qrupa ayrılır.
Təsadüfi
Təsadüfi seçmə metodlarında baş məcmudakı hər bir elementin seçmə məcmusuna daxil olma ehtimalı bərabərdir. Belə yanaşmadan daha çox kəmiyyət tədqiqatlarında istifadə edilir. Burada bir neçə üsul var;
Sistemli təsadüfi seçmə - Baş məcmunu müəyyən etdikdən sonra, məcmudakı hər N-ci respondenti seçməlisiniz. Məsələn, 20 nəfərlik tələbə siyahısında hər 2-ci tələbəni seçərək, 10 nəfəri təsadüfi seçmiş olacaqsınız. Yaxud, binadakı hər 3-cü mənzilə yaxınlaşaraq insanları təsadüfi seçə bilərsiniz.
Təsadüfi stratifikasiya metodu - Bu metodda baş məcmu müəyyən hissələrə parçalanır və hər bir hissədən mütənasib qaydada ölçmə üçün vahidlər seçilib götürülür. Hər pillədə strata (təbəqə, məsələn - rayonlardan başlayıb, kəndlər və evlərə qədər) yaradılır. Əhali tərkibi müxtəlif olan insan toplumlarında təmsilçilik dərəcəsi yüksək ola biləcək seçmə məcmusu təşkil etmək üçün stratifikasiya üsulundan istifadə etmək münasibdir. Məhz buna görə də, ölkə üzrə, yaxud bir şəhər üzrə reprezentativ seçmə yaratmaq üçün adətən bu üsuldan istifadə edilir.
Sadə təsadüfi seçmə - Baş məcmunu müəyyən etdikdən sonra, məcmudakı elementlərə eyniləşdirmə nömrəsi verilir. Daha sonra təsadüfi qaydada nömrələr (məsələn, lotereya üsulu ilə) seçilir.
Təcrübə göstərir ki, ümumiləşdirmə təsadüfi seçmə ilə xarakterizə edilən kəmiyyət araşdırmalarının bir çoxunda olduqca əhəmiyyətlidir. Lakin bu, reprezentativ olmayan və nəticələrinin ümumiləşdirilməsinə imkan verməyən tədqiqatların elmdə qəbul edilməməsi kimi başa düşülməməlidir. Sosial elmlərdə qeyri-reprezentativ seçmə üzərində aparılmış bir çox tədqiqat işi var ki, onlar ciddi rezonans doğurub.
Qeyri-təsadüfi
Əgər təsadüfi seçmədə baş məcmudakı subyektlərin seçilmə ehtimalı bərabərdirsə, burada elementlərin birinin digərinə nisbətdə seçilmə ehtimalı daha yüksək, yaxud daha azdır. Bu yanaşma əsasən keyfiyyət tədqiqatlarında istifadə edilir. Təcrübə göstərir ki, ümumiləşdirmə keyfiyyət araşdırmalarında bir o qədər də əhəmiyyət kəsb etmir. Burada bir neçə üsul var;
Kvota seçməsi - Öncədən müəyyən edilmiş meyarlar üzrə elementlər (respondentlər) seçilir. Məsələn, 3 ildən artıq işsiz qalan və Şəki şəhərində yaşayan kişilər. Burada 3 şərt təmin edilməlidir (hər birinin altından xətt çəkilib).
Nəzəri seçmə - Nəzəri seçmədən tədqiqatçı yekun nəzəriyyəni işləyib hazırlamaq üçün ilkin məlumat toplama prosesində əldə edə bilmədiyi, yaxud kifayət qədər məlumat toplaya bilmədiyi halda istifadə edir. Məlumat toplama prosesindən sonra aparılan təhlillər yeni məlumatların toplanılmasını labüd edə bilər ki, bu zaman da yeni məlumatlar nəzəri seçmə vasitəsilə seçilən subyektlərdən əldə edilir. Belə halda, tədqiqatçı seçimini nəzəriyyənin xüsusiyyətlərinə uyğun meyarlar əsasında aparır.
Rahat seçmə - Belə seçmə metodunda tədqiqatçı mövcud imkanlar daxilində ən rahat şəkildə tapılacaq respondentləri tədqiq edir Bu metoddan istifadə edərək lazımi xüsusiyyətlərə malik respondentlər rahatlıqla və tezliklə tapıla bilər. Məsələn, universitetdə çalışan tədqiqatçı buradakı tələbələrin ölkədəki ali təhsil müəssisələri barədəki rəylərini öyrənmək üçün araşdırma aparır. Tədqiqatçı başqa heç bir yerə getmədən rahat şəkildə məcmu ərsəyə gətirə bilər. Unutmayın ki, bu yanaşma akademik dairələrdə digər seçmə üsulları ilə nisbətdə daha aşağı statusa malikdir. Buna aid nümunə anket sorğularının birində (Mahfuzul I. Khondaker, Yuning Wu & Eric G. Lambert (2015): Bangladeshi immigrants' willingness to report crime in New York City, Policing and Society, 27(2), 188-204) verilib.
Zəncirvari seçmə (qar topası) - Bu yanaşma adətən tapılması çətin subyektlərin axtarışında istifadə edilir. Tədqiqatçı lazımi meyarları təmin edən ən azı bir şəxs taparaq ondan digər subyektləri tapmağı xahiş edir. Məsələn, gözdən əlil 18-35 yaş arası insanları müsahibəyə cəlb etmək istəyən tədqiqatçı həmin əhali qrupuna aid şəxsdən lazımi meyarları təmin edən şəxslərin tapılmasını xahiş edə bilər. Sosiologiya ədəbiyyatına nəzər salsaq görə bilərik ki, zəncirvari seçmə narkotik maddələrin istifadəçilərinin, homoseksualların, eks-məhbusların və bəzi deviant davranışları sərgiləyənlərin öyrənilməsində geniş istifadə edilir. Adıçəkilən bu qrupların baş məcmu siyahısı, demək olar ki, heç zaman mövcud olmur.
Maraq üçün bildirək ki, sosiologiyada ən məşhur araşdırmalardan biri marixuana istifadəçilərinin qartopu seçməsi ilə tapılması ilə mümkün olub. Belə ki, Hovard Beker 50 nəfər marixuana istifadəçisi ilə müsahibələr aparıb. O, həmin istifadəçilərindən biri ilə hobbisi olan işi (rəqs meydanşaslnds dans etmək) görərkən tanış olub. İlk olaraq, Bekerlə eyni məkana gələn musiqiçilər və rəqs edənlər arasından respondentlər tapılıb. Daha sonra Bekerin tanışı olan marixuana istifadəçisi digər istifadəçiləri müxtəlif yerlərdən araşdırma üçün tapıb.
Öz-özünə seçmə (ing. self-select) – Bu seçmə əsasən iki halda yaranır – onlayn sorğularda və poçt üsulu ilə aparılan sorğularda. Belə ki, hər iki halda da, siz kimlərin sorğuya daxil olmaq imkanına malik olub-olmadığını bilmək imkanından məhrum olursunuz. Onlayn sorğuya baxaq. Siz elektron sorğu hazırlayır, onun keçidini (ing. link) hər hansı səhifədə paylaşırsınız ki, həmin keçidi görən insanlar daxil olsunlar (onların neçə nəfərinin daxil olacağı isə ayrı bir məsələ və problemdir). Beləliklə, sorğuya daxil olmaq imkanı yalnız internetə çıxışı olan və keçidin yerləşdirildiyi səhifəni ziyarət edənlərə verilir – məhz buna görə də, bu seçmə üsulu qeyri-təsadüfidir. Eyni zamanda, kimlərin sorğunu gördüyünü və daxil olmaq imkanına malik olub-olmadığını müəyyən edə bilmirsiniz.
Bu metodun istifadə edildiyi ən iri miqyaslı işlərdən birinin məqsədi İngiltərə əhalisinin sosial təbəqələşməsini öyrənmək idi. Yanvar 2011- İyul 2011 tarixləri arasında London İqtisadiyyat və Siyasi Elmlər məktəbi, Mançester Universiteti və York Universitetinin birgə layihəsi çərçivəsində İngiltərə əhalisinin sosial təbəqələşməsini öyrənmək üçün onlayn sorğu keçirilib. Bu məqsədlə BBC Lab UK internət səhifəsində anket yerləşdirilib. Anket 160000 respondent tərəfindən doldurulub. Maraqlıdır ki, say yüksək olsa da respondentlərin tərkibində bəzi demoqrafik qruplar üzrə reprezentativlik təmin edilməyib, çünki sorğuda yalnız internətə daxil ola bilən və BBC Lab UK internət səhifəsində anketi görənlər iştirak edə bilərdi.
Qeyri-təsadüfi metodlar keyfiyyət metodologiyası ilə aparılan işlərdə daha geniş yayılıb. Keyfiyyət metodologiyası mahiyyəti etibarilə kiçik seçmə ölçüsü tələb edir. Belə ki, keyfiyyət tədqiqatının məqsədi subyektlərin xassələrini müfəssəl şəkildə öyrənmək olduğundan, bunu, böyük seçmə məcmusu üzərində həyata keçirmək demək olar ki, mümkün deyildir. Təcrübəm və xarici ölkələrdəki impakt faktorlu jurnallarda nəşr edilən sosioloji və kriminoloji araşdırmalarla tanışlığım əsasında deyə bilərəm ki, keyfiyyət tədqiqatlarında seçmə sayı nadir hallarda 100 nəfəri keçir. Minimum 8-10 nəfər, araşdırmaların əksəriyyətində isə 20-50 nəfər arası təşkil edir. Ümumiyyətlə, belə araşdırmalarda əsas məqsəd dərin və ətraflı məlumat öyrənmək olduğundan reprezentativlik o qədər də önəm kəsb etmir. Bu mənada keyfiyyət tədqiqatlarına aid bir məsələni də bildirməliyəm - doyma dərəcəsi (saturasiya). Bu yanaşmaya əsasən, tədqiqatçılar tədqiqat suallarına axtardıqları cavabları əldə edəndən sonra yeni respondent axtarmağı dayandıra bilərlər, çünki yeni respondentin yeni məlumat vermək ehtimalı aşağıdır. Başqa sözlə, seçmə məcmusunun ölçüsü doyma dərəcəsinə çatdığını o vaxt müəyyən etmək olar ki, yeni subyektlərin tədqiqi yeni məlumat təmin etmək əvəzinə, artıq tapılanları təkrarlayır.

Respondenti iştiraka həvəsləndirmə üsulları
Əsasən bazar tədqiqatlarında geniş yayılsa da, sosial elmlərdə də respondenti sorğuda və ya müsahibələrdə iştiraka həvəsləndirmə üsullarına müraciət edilir. Təbii ki, buna həmişə ehtiyac duyulmur, amma lazım olduqca, və imkanınız daxilində, aşağıdakıları iştirak üçün mükafat kimi təklif edə bilərsiniz;
- Respondentin telefonunun balansını artırmaq üçün vəsait
- Respondentə vouçer
- Respondentə nağd pul şəklində (bu, nisbətən az hallarda edilir)
- Respondent müsahibədə iştirak etmək üçün müəyyən edilmiş məkana gəlməli olarsa, onun nəqliyyat xərcinin kompensasiya edilməsi
-
İstənilən halda, iştirak nisbəti mövzu ilə respondent arasında uyğunluq və ya uyğunsuzluq, anketin və ya müsahibənin müddəti, eləcə də, sorğunu aparanların davranış və bacarıqlarından böyük ölçüdə asılı olur.
Nümunə (1 və 2) İki oxşar nümunə
ABŞ-da Qlas və həmkarları fermerlər arasında keçirdikləri poçt sorğusunda poçt zərfinin içərisinə anketlə birlikdə $2 nağd pul da daxil etmişdi. Buna baxmayaraq, 3000 respondentdən 49.5%-i anketi dolduraraq geri dönüş edib. Digər nümunə isə məktəb direktorları arasında e-mail vasitəsilə aparılan anket sorğusudur. Burada müəlliflər mükafatı ($10 nağd vəsait) iştirakdan sonra təqdim ediblər. Bununla yanaşı, sorğuda iştiraka dəvət edilən məktəb direktorları arasında ilk dəvətə cavab verməyənlərə təkrar xatırlatma məktubu da göndərilərək, iştirak faizi müəyyən qədər artırılıb.
Mənbələr - Neal, Z., Neal, J. W., & Piteo, A. (2020). Call Me Maybe: Using Incentives and Follow-Ups to Increase Principals’ Survey Response Rates. Journal of Research on Educational Effectiveness, 1–10.
Zoë E. Glas, Jackie M. Getson, Yuling Gao, Ajay S. Singh, Francis R. Eanes,
Laura A. Esman, Brian R. Bulla & Linda S. Prokopy (2019) Effect of Monetary Incentives on Mail Survey Response Rates for Midwestern Farmers, Society & Natural Resources, 32:2, 229-237
Nümunə (3) Çətin ünsiyyət qurula bilənləri necə tapmalı və həvəsləndirməli?
ABŞ-da keçirilən yeniyetmələrin risk davranışları ilə əlaqəli geniş və davamlı bir icma əsaslı tədqiqat çərçivəsində müəlliflər Alabama ştatının Mobil adlı şəhərində (1990-cı ildə yoxsulluq səviyyəsi 57% ilə 91% arasında dəyişirdi) yoxsulluğun geniş yayıldığı 12 məhəllədə yaşayan 9-19 yaşlı gənclər seçməyə daxil edib. Bu məhəllələrin yarısı sosial evlərin dominant olduğu yerlər idi. Araşdırmanın məqsədi soyuq silah gəzdirməklə bağlı gənclərin fikirlərini öyrənmək idi.
Mobil və Priçard Mənzil İdarəsi 10-18 yaş arası gənclərin icarəyə götürdükləri mənzillərin ünvanlarını müəlliflərə təqdim etdi. Müəlliflər bu mənzillərin 50%-ni təsadüfi seçərək hədəf aldı və 11 həftəlik müddətdə bu yaşayış binalarının hər birində ev sahibi ilə əlaqə saxlayaraq yaşayış yerində müvafiq yaşda olan gənclərin yaşayıb-yaşamadığını yoxladı.
Qeyri-sosial evlərdə yaşayan gənclərin baş məcmusu (siyahısı) olmadığından digər altı məhəllədəki yaşayış yerlərinin yarısı (məs., kirayə evlər və mənzillər) təsadüfi olaraq gənclərin orada yaşadıqlarını təyin etmək üçün seçildi. Tədqiqata dəvət edilən gənclərin onlara valideynlik edən şəxslərdən razılıq formasını imzalamaq istənildi. İştirakçılara məxfilik vəd edildi və iştirakları üçün $10 ödənildi.