Search
  • İnqilab Şahbazov

Məqalələr üçün jurnalların tapılması

Dünyada on minlərlə elmi jurnallar mövcuddur. Lakin onların hansının sizin ixtisasınız və məqalənizin predmetinə uyğun olduğunu müəyyən etmək, məqaləni jurnalın formatına uyğunlaşdırmaq və jurnala göndərmək öz-özlüyündə ciddi əmək və diqqət tələb edir.


Qeyd - burada yazılan bəzi məqamlar humanitar elmlərə aid olsa da, fundamental prinsiplər bütün elmlər üçün keçərlidir.


Jurnalların axtarışı və axtarış bazası


Elmi jurnallarda məqalə çap etdirmək istəyən şəxslər ilk olaraq, nəşriyyatları (ən azından bir neçəsini) tanımalıdır. Hər bir nəşriyyatın tərkibində müxtəlif impakt faktorlara malik jurnallar olur. Bir nəşriyyatın digərindən üstün, yaxud aşağı olması fikri yanlışdır. Jurnal seçərkən onun mənsub olduğu nəşriyyatdan daha çox, onun sizin məqaləyə uyğunluğu və impakt faktoruna baxmaq məsləhətdir. Lakin məqalənin yüksək impakt faktorlu jurnalda nəşr edilməyi onun mütləq şəkildə geniş auditoriya tərəfindən oxunacağı, maraq və təsir yaradacağı fikrinə ehtiyatla yanaşmaq lazımdır. Mümkündür ki, məqalə aşağı impakt faktorlu jurnalda nəşr edilsin, və elmi ictimaiyyətdə böyük rezonans doğursun. Bəzi nüfuzlu nəşriyyatlar bunlardır; Elsevier, Thomson-Reuters, Springer, Wiley, Palgrave və Routledge.


Məqalənizin mövzusu, formatı, keyfiyyəti, hədəflədiyiniz auditoriya və s. amillər əsasında jurnalları seçmək müəyyən vaxt alır. İşi sürətləndirmək üçün aşağıda qeyd edilən sayta daxil olaraq, sizə lazım olan sahənin jurnallarını tapa bilərsiniz: https://www.scimagojr.com/journalrank.php. Diqqətə çatdıraq ki, bu keçiddəki platformada dünya üzrə əksər jurnallar mövcuddur. Bununla yanaşı, nəşriyyatların özünəməxsus xidmətlərdən də istifadə etməyiniz tövsiyə edilir. Müxtəlif nəşriyyat evləri eyni xidməti müxtəlif adlarla göstərir. Axtarış üçün siz abstrakt və məqalənizin adını daxil etməlisiniz. Axtarış nəticəsində aşağıdakı şəkildə olduğu kimi siyahı çıxır. Şəkildə qeyd edilən göstəricilərin izahı isə belədir:

· https://journalsuggester.springer.com (SPRINGER)

· https://journalfinder.elsevier.com (ELSEVIER)

· https://authorservices.wiley.com/author-resources/Journal-Authors/find-a-journal/index.html (WILEY)




Jurnalın nüfuzunu necə təyin etməli? Bir çoxları üçün jurnalın impakt faktoru onun nüfuzundan xəbər verir. İmpakt faktoru jurnalın nüfuzunu göstərən əsas meyarlardan biri olsa da, yeganə amil deyil. Göndərilən məqalələrin qəbul nisbəti (faiz ilə ifadə edilir) də jurnalın nüfuzundan xəbər verir. Daha kiçik qəbul nisbəti daha ciddi rəqabətin, və daha yüksək nüfuzun göstəricisidir. Digər əsas göstərici kimi ‘‘Q1’’, ‘‘Q2’’, ‘‘Q3’’ və ‘‘Q4’’ kimi ifadə edilən kvartil qəbul edilir. Fərz edək ki, sosiologiya üzrə 10 jurnal var. Siyahıdakı ən yüksək göstəriciyə malik 25% (yəni, 2) jurnal ‘‘Q1’’ statusuna malik olacaq.


Scopus, Web of Science impakt faktoru nədir?

Elsevier nəşriyyatının məhsulu olan Scopus abstrakt və istinad bazası (database) təxminən 35,000 elmi jurnalı (resenziyalı) əhatə edir. Web of Science Clarivate Analytics şirkətinin məhsuludur, və Scopus ilə analoji funksiyaları yerinə yetirir. Burada 12,000 civarında jurnal indekslənib. Hər iki sistem daha kiçik məlumat bazalarından məlumat götürərək, məqalələrin göstəricilərinə dair statistik məcmu hazırlayır. Dünya elm ictimaiyyətindəki elm adamları nüfuzuna görə məhz Web of Science və ya Scopus sistemlərində indekslənən jurnalda məqalə nəşr etməyi hədəfləyir. Nəzərə alın ki, bəzi jurnallar hər iki sistemdə də indekslənib.


Jurnalın əhatəsi, sahəsi və uyğunluğu

Hər bir jurnalın özünəməxsus əhatəsi və maraq göstərdiyi mövzular var. Elə jurnallar var ki, onlar daha böyük sahəni əhatə etdiyindən, orada nəşr edilən məqalələrin rəngarəngliyi və müxtəlifliyi daha genişdir. Bəzi jurnallar isə olduqca dar çərçivəli olub, spesifik mövzuları əhatə edir. Məqaləniz üçün jurnal seçərkən mütləq "Scope" və yaxud "About This Journal" bölmələrinə daxil olaraq, onların əhatə dairəsi və sahəsini öyrənin. Bir jurnalda nəşr edilmiş məqalələrin ən çox oxunanı, istinad alanı və geniş yayılmışları, eləcə də, ən yeniləri, adətən, xüsusi başlıqlar altında yerləşdirilir. Aşağıda SAGE nəşriyyatından olan bir jurnaldakı həmin başlıqlar təqdim edilir.




Yırtıcı jurnallar

Müasir dövrdə elm adamları üçün ciddi problemlərdən biri yırtıcı jurnalların ("predatory journals") çoxalmasıdır. Həmin jurnallar gerçək jurnallardan fərqli olaraq, müəllifin məqaləsini müəyyən ödəniş müqabilində çap edir. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən və nüfuzlu jurnallarda məqaləsinin çap edilməsini hədəfləyən mütəxəssis və elm adamları tez-tez saxta jurnalların bir növ qurbanına çevrilirlər. Məhz ona görə də jurnal seçimində yalnız etibarlı nəşriyyatların jurnallarını seçin.


Jurnalın yırtıcı olub-olmadığını necə müəyyənləşdirməli?

- Məqalənin olduqca qısa müddətdə baxışdan keçirilərək çap edilməsi. Nəzərə alın ki, nüfuzlu jurnallarda rəy bildirilmə müddəti adətən 2-3 ay, bəzən daha uzun çəkir;

- Məqalənin qəbulu ilə bağlı qərardan əvvəl ödənişin tələb edilməsi;

- Əslində akademik statusu olmayan şəxsləri akademik statusuna malik şəxs kimi göstərmək (mütləq redaktor və onun heyətini araşdırın);

- Jurnalın öz sahəsi üzrə aparıcı jurnal olduğu qeyd edilsə də, bu barədə heç bir yerdə informasiyanın olmaması;

- Yırtıcı jurnallar indeks mənbəyi kimi əksər hallarda yalnız "Researchgate", "Academia.edu" və "Google Scholar" kimi indeksləri göstərirlər - ancaq bunlar məqbul hesab edilmir. Əgər bu siyahıda Scopus və ya Web of Science yoxdursa, yaxşı olardı ki, bu jurnalı seçməyin


Jurnallara üzvlük və açıq giriş (open access) məsələsi

Nəşriyyat evlərinin nəzdindəki jurnalların demək olar ki, hər biri (ən azından sosial elmlərdə) aylıq abunə haqqı tələb edir. Belə ki, həmin jurnallardakı məqalələri yalnız illik abunə haqqı ödəyənlər, eləcə də ali təhsil müəssisələrindəki tələbələr və müəllim heyəti - bir sözlə, institusional səviyyədə üzvlüyü olanlar görə bilir. Lakin siz məqalənizin hər kəs tərəfindən görünməsini istəyirsinizsə, bu halda Open Access imtiyazını əldə etməlisiniz. Bunun üçün isə jurnala müəyyən məbləğ ödəmək lazımdır ki, bu da bəzi hallarda bir neçə yüz, yaxud min dollar təşkil edir. Mütləq şəkildə bilməlisiniz ki, Open Access imtiyazı üçün ödəniş etməklə yırtıcı jurnalda məqalə nəşri üçün ödəniş etmək arasında bir ciddi fərq var. Open Access imtiyazı o vaxt əldə edilə bilər ki, jurnal məqaləni nəşr üçün qəbul etsin. Başqa sözlə, rəyçilər rəy bildirdikdən və düzəlişlərdən sonra məqalə nəşrə qəbul edilir. Yalnız bundan sonra Open Access üçün ödəniş etmək mümkündür. Ödəniş etməsəniz, məqalə nəşrə qəbul edilir və yayımlanır - o, geri qaytarılmır.


Məqaləni göndərdikdən sonra sizi nələr gözləyir?

Məqalələrə ən azı 2 ay müddətində, rəqabətin daha yüksək olduğu jurnallarda isə adətən 3 ay müddətində baxılır. Məqalələri, adətən, ən azı 2 rəyçi qiymətləndirib, rəylərini baş redaktora təqdim edirlər. Qiymətləndirmə prosesinin kimlər tərəfindən aparıldığı müəllifə bəlli olmadığı kimi, məqalənin müəlliflərinin kimliyi və tutduğu vəzifə, eləcə də, statusu (tələbə, yaxud qeyri-tələbə) rəyçilərə məlum olmur. Ona görə də, ''mən tələbəyəm, mənim məqaləmi qəbul etməzlər'' və bənzər narahatlıqlara qapılmayın. Məhz bu anonimlik xüsusiyyətinə görə qiymətləndirmə prosesi ingiliscə double-blind review adlanır.

Məqalənin göndərilməsi ilə bağlı bir məqamı bildirək ki, eyni anda bir məqaləni birdən çox jurnala göndərmək olmaz. Lakin eyni anda 2 fərqli məqaləni birdən çox jurnala göndərmək mümkündür. Nəzərə alın ki, əgər məqaləni göndərdiyiniz jurnalın cavabı həddən artıq uzun çəkərsə, yaxud, siz göndərdikdən sonra fikrinizi dəyişərsinizsə, redaktora məlumat verərək, məqalənizin geri götürülməsini təmin edə bilərsiniz.

Məqaləm nə qədər oxunur?

Məqaləniz nəşr edildikdən sonra, o, jurnalın və nəşriyyatın internet səhifəsində yerləşdirilir. Məqalənin abstrakt hissəsi bütün ictimaiyyət üçün açıq olduğu halda, tam mətn yalnız üzvlük alanlar üçün əlçatan olur (əgər siz Open Accessvariantını seçməmisinizsə). Nəşr edilmiş bütün məqalələrin yayılma dərəcəsini (və ya impakt dərəcəsini) müəyyənləşdirmək üçün standart ölçü meyarları mövcuddur ki, bunlar aşağıda təqdim edilir;


- Abstrakta baxış sayı

- Məqalənin yüklənmə sayı

- İstinad sayı

- Mətbuatda işıqlandırılma

- Altmetric (məqalənin yuxarıdakı meyarlardan əlavə, onun mətbuatda işıqlandırılması, nüfuzlu bloqlarda müzakirəsi və s. kimi amillər nəzərə alınaraq hesablanan göstərici)


İstinad sayı ilə bağlı bir neçə məsələni diqqətə çatdırmaq məqsədəuyğun olardı. Əvvəla, istinad sayı dəqiq elmlərdə, adətən, daha yüksək, sosial və bir çox humanitar elmlərdə daha aşağı olur. Məhz bu səbəbdəndir ki, impakt faktoru dəqiq elmlərdə, adətən, daha yüksək olur. Məsələn, tibb üzrə impakt faktoru 10.5-dən yüksək olan onlarla jurnal olduğu halda, analoji göstərici kriminologiya üzrə ən yaxşı halda 5.0-dir. Bu sahədəki əksər jurnalların impakt faktoru 1 və 4 arasıdır. Ona görə də, fərqli elm sahələrindəki jurnalları və müəllifləri müqayisə edərkən ehtiyatlı olmaq lazımdır.

Bununla yanaşı, H- index meyarının (müəllifin akademik nüfuzunu müəyyən edən əsas amillərdən hesab edilir) müəyyənləşməsi barədə nümunə ilə izah verək. Fərz edək ki, sizin 3 məqaləniz var ki, onların hər biri ən azı 3 istinad alıb. Beləliklə, sizin H- index 3-ə bərabər olacaq.

Aşağıda məqalənin sadalanan meyarlarının internet səhifəsində necə göründüyünü əyani göstərmək üçün müxtəlif nəşriyyatlardan nümunələr yerləşdirilib.




393 views0 comments

Recent Posts

See All