top of page
Search
  • İnqilab Şahbazov

Keyfiyyət metodologiyası (məlumat toplama metodları)

Updated: Feb 27, 2022

Keyfiyyət metodologiyasının təbiəti

Keyfiyyət tədqiqatçıları üçün sözlər, hisslər, və ifadələr əsas diqqət mərkəzindədir. Keyfiyyət metodlarının başlıca məqsədi fərdlərin davranış və fəaliyyətinin motivlərini, habelə onların baxışları, sosial qavrayışları və müxtəlif məsələlər barəsindəki fikirlərini təfsilata vararaq öyrənməkdir. Rəqəmlərlə ifadə edilə bilməyəcək xüsusiyyətləri məhz keyfiyyət metodologiyası ilə öyrənmək mümkündür. Keyfiyyət tədqiqatçıları sosial reallığı iştirakçıların gözü ilə görməyə çalışır.


  1. Fokus qrup

Fokus qrup nədir?

Fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv mühitdəmoderatorun rəhbərliyi ilə öyrənməkdir. Bu metodda dolğun və rəngarəng rəylər öyrənməyə imkan verən müzakirə təşkil edilir. Fokus qrup yalnız bir sosial qrupun (məsələn, yük avtomobili sürücülərinin) konkret məsələ (məsələn, magistral yolların vəziyyəti) barədəki fikrini öyrənmək üçün xüsusilə faydalı ola bilər. Real nümunələrdən biri kimi bunu göstərə bilərik ki, dünyaca məşhur Coca-Cola və Toyota Motors şirkətləri məhsulları barədə müştərilərin rəyini öyrənmək fokus qruplardan intensiv qaydada istifadə edir. Şirkətin fokus qruplar keçirməkdə məqsədi müştərilərin mövcud və gələcək məhsulları barədə rəyini öyrənib, həmin informasiyanı strategiya hazırlanmasında istifadə etməkdir.


Adətən, moderatoru müşayiət və ona kömək edən köməkçi şəxsin xidmətindən istifadə edilir. Köməkçi şəxs qrup dinamikasının qeydiyyatını aparmaq cəhətdən xüsusilə faydalıdır.


Fokus qrupların sayı və tərkibi

Ümumiyyətlə, bu məlumat toplama metodunda qrup üzvlərinin bir-birinə sosial, demoqrafik, mədəni, iqtisadi, peşə və s. cəhətlərdən oxşar olması arzuolunandır (bu, şərt deyil, ancaq səmərəli müzakirə üçün vacibdir). Hərçənd, müxtəlif sosial qruplardan olan insanların birgə müzakirəsinin aparıldığı araşdırmalar da az deyil.


Bir qrupda 8-12 nəfərdən ibarət iştirakçı sayı münasibdir. Bir araşdırma işində birdən çox qrup təşkil edilir, və qrup sayı barədə məhdudiyyət yoxdur. Anqlo-Sakson ölkələrindən olan nümunələrə baxsaq, çox fərqli saylar görə bilərik. Məsələn, HİV xəstəliyi barədə mediadakı məlumatlara münasibəti öyrənən Kitzinger hər birində ortalama 6 nəfərdən ibarət 52 qrupla müzakirələr aparıbsa, analoji göstərici yoxsul ailələrdə kişi-qadın münasibətindən gözləntiləri öyrənən araşdırmada 8-ə bərabər olub. İnsanların mədəni fəaliyyətlərini öyrənən Silva və Rayt və Bennet və həmkarları isə 25 fokus qrup təşkil ediblər. Azərbaycanda şəxsən özümün iştirak etdiyi layihələrin birində 4, digərində 7 qrup olub.




Bəs fokus qrup neçə dəqiqə davam etməlidir? Həm şəxsi təcrübəm, həm də xarici mütəxəssislərin apardığı araşdırmalar göstərir ki, ən azı 30 dəqiqə, adətən 1 saat civarında, bəzən isə 2 saata yaxın olur. Qrup söhbətləri diktofon, yaxud video kamera ilə qeydə alınır. Əgər buna respondentlər icazə verməsə, əsas məqamları kağıza yazıb, müşahidə bitdikdən sonra günün sonunda kompüter, yaxud mobil telefonunuza köçürə bilərsiniz. Bu məlumat toplama metodu əksər həssas, eləcə də, şəxsi həyata toxunan mövzuların müzakirəsi ü̈çün uyğun deyil.


Nümunə (1) – Palliativ qayğı xidməti göstərənlərlə fokus qrup

Britaniyada 2013-cü ildə dərc edilmiş və ictimai səhiyyəyə dair araşdırmada fokus qruplardan istifadə edilib. Tədqiqatçıların məqsədi palliativ qayğı xidməti göstərənlərin palliativ qayğıya baxışlarını və üzləşdikləri problemləri öyrənmək idi. Bura həm xəstəxana, həm də icma şəraitində palliativ qayğı xidməti göstərənlər aid idi. Fokus qrup üsulu ona görə məqbul idi ki, qayğı göstərən peşəkarlar eyni, yaxud oxşar vəzifəyə malik olmaqla yanaşı, iş şəraitləri də fərqlənmirdi. Onlar məsələni kollektiv mühitdə müzakirə edə biləcək keyfiyyətlərə sahib idi. Yekun nəticədə fokus qruplardan toplanan informasiya palliativ qayğı xidmətinin təkmilləşdirilməsi üçün SVOT analizində istifadə edilmişdir.


Mənbə - Gott M, Ingleton C, Gardiner C, et al. Transitions to palliative care for older people in acute hospitals: a mixed-methods study. Southampton (UK): NIHR Journals Library; 2013 Nov. (Health Services and Delivery Research, No. 1.11.) Chapter 8, Focus groups with key health- and social-care professionals (phase 6)


Nümunə (2) - Yeniyetmə qızlar və idmanla məşğul olmaq

Sleyter və Tiqqerman 6 fokus qrupa paylanan 49 yeniyetmə qızla (qızların yaşı 13-15 yaş aralığında olub) tədqiqat aparıb. Tədqiqatın məqsədi qızların idmana və idman növlərində həvəskar və peşəkar səviyyədə iştiraka münasibətlərini öyrənməkdən ibarət olub. Tədqiqat müəllifləri fokus qruplarda cəmi 2 istiqamətverici sualdan istifadə edərək, faydalı informasiya toplayıblar; 1) Sizcə, idmanla məşğul olan qızlar bir müddətdən sonra niyə bunu etmirlər? və 2) Sizcə, qızlar hansı səbəblərdən oğlanlar qədər idmanla məşğul olmur?


Mənbə - Slater, A., & Tiggemann, M. (2010). “Uncool to do sport”: A focus group study of adolescent girls’ reasons for withdrawing from physical activity. Psychology of Sport and Exercise, 11, 619–626.


Nümunə (3) - Kardioloji xəstəliklərə tutulma ilə bağlı narahatlıqlarınız varmı?

Avstraliyanın Sidney şəhərində mavi-yaxalı statuslu işçilərin ürək xəstəliklərinə tutulma ilə bağlı narahatlıqlarını öyrənmək üçün Riçi və həmkarları 116 işçi ilə fokus qrup müzakirələri aparıb. Araşdırma çərçivəsində 10 qrup müzakirəsi (hər birində müxtəlif sayda olmaqla qrup ölçüsü 9-dan 17 nəfərə qədər dəyişib) təşkil edilib. İştirakçıların yaş aralığı 17-65 yaş arası olub. Qrup müzakirəsi mavi-yaxalı statuslu işçilərə ürək xəstəliklərinə tutulma ilə bağlı narahatlıqlarını kollektiv mühitdə (çünki onların paylaşdığı ortaq xüsusiyyət var idi) sərbəst şəkildə dilə gətirməyə və təkliflərini səsləndirməyə imkan verib.


Mənbə - Ritchie, J.E. , Herscovitch, F. , & Norfor, J.B. (1994) Beliefs of blue collar workers regarding coronary risk behaviours. Health Education Research, 9, 95-103


2. Dərinləşdirilmiş müsahibə

Bu məlumat toplama metodunun səciyyəvi xüsusiyyəti onun açıq suallardan ibarət olub, respondentə sərbəstlik təmin etməsi, eləcə də, təfsilata varmasıdır. Əgər anket sorğuları standartlaşdırılmış suallar üzrə aparılırsa, buradakı suallar anketə bir növ istiqamətverici rol oynayır. Belə mühitdə tədqiqatçı heç gözləmədiyi, ancaq vacib məsələlər barədə informasiya əldə edə bilər. Dərinləşdirilmiş müsahibə əsasən hansı hallarda münasibdir? (burada göstərilməyən digər hallar da mümkündür)

- barəsində məhdud informasiya olan məsələləri öyrənmək üçün

- mürəkkəb prosesləri dərk etmək üçün

- məna və baxışın, davranışın və düşüncələrin arxasındakı motivləri öyrənmək üçün


Dərinləşdirilmiş müsahibə anketində sual sayı adətən 10-15 sualdan az olur. Təcrübə göstərir ki, hər bir intervü, adətən 25-30 dəqiqədən az olmur (istisnalar mövcuddur). Müsahibə diktofon, yaxud video kamera ilə qeydə alınır. Əgər buna respondentlər icazə verməsə, əsas məqamları kağıza yazıb, müşahidə bitdikdən sonra günün sonunda kompüter, yaxud mobil telefonunuza köçürə bilərsiniz.


Nümunə (1) - 150 eks-məhbusla dərinləşdirilmiş müsahibələr – cinayətdən uzaq dura bilməyinizin səbəbləri nələrdir?

ABŞ-da 150 eks-məhbus arasında Şad Maruna tərəfindən aparılmış dərinləşdirilmiş müsahibələrin məqsədi onların yenidən cinayət törədib-törətməməsinə təsir edən amilləri məhbusların gözü ilə görmək idi. Cəzaçəkmə müəssisəsini tərk edən və cinayətdən uzaq durmağa nail olan kişi məhbuslar bildirib ki, bunun əsas səbəbi özlərinə nəzarət edə bilmək və talelərinin öz əllərində olduğuna güclü inam olub. Baxmayaraq ki, Maruna özü etiraf edirdi ki, gələcəyə nikbin baxan məhbusların vəziyyəti təkrar cinayət törətmiş şəxslərdən ciddi fərqlənmirdi. Bununla da, Maruna göstərir ki, oxşar vəziyyətdə olan məhbuslar sosial reallığı bir-birindən əhəmiyyətli dərəcədə fərqli görərək, öz davranışlarını tənzimləyə bilirlər.


Mənbə - Maruna, S. (2001) Making Good: How Ex-Convicts Reform and Rebuild Their

Lives. Washington: American Psychological Association


Nümunə (2) - Hamiləliyi olan qadınların antenatal qulluğa müraciət təcrübələri

Əslən Somalidən olan, ancaq Norveçdə yaşayan 8 qadınla aparılmış dərinləşdirilmiş müsahibələrin məqsədi hamiləliyi olan qadınlara antenatal qulluğa müraciət edənlərin üzləşdikləri problemləri və xidmətə dair təcrübəsini öyrənmək idi. Nəticələr əsasında 4 əsas fikir (bütün müsahibələrdə bir qayda olaraq ortaya çıxan) ərsəyə gəldi; 1) səhiyyə sisteminə inam yarandığı hallarda, Somalidən olan qadınlar antenatal qulluqdan daha hərtərəfli faydalanır; 2) antenatal qulluq göstərənin Somalidən olan qadınlarla empatiya qura bilməsi və oxşar cəhətlərə malik olması xidmətdən məmnuniyyətə müsbət təsir edir; 3) Somalidən olan qadınların anlaya biləcəyi dildə informasiyanın təminatına ciddi ehtiyac var; 4) Somalidən olan qadınların sosio-mədəni cəhətdən fərqlərinə məhəl qoymadan onlara qulluq göstərən yerli həkimlər pasiyentlərin xidmətdən məmnuniyyətinə mənfi təsir göstərir. Bu araşdırmada diqqət çəkən məqamlar bunlardır ki, müsahibədə cəmi 8 nəfər iştirak etsə də, sırf dərinləşdirilmiş müsahibələrin sərbəst strukturu sayəsində onlar Norveç cəmiyyətində araşdırılmamış bir məsələ barədə fikirlərini ifadə ediblər.


Mənbə - Utne R, Antrobus-Johannessen CL, Aasheim V, Aasekjær K, Vik ES. (2020) Somali women's experiences of antenatal care: A qualitative interview study. Midwifery, 83(4), 102656


Nümunə (3) Gənclərin polisə münasibətinin araşdırılması: İrlandiyalı gənclər arasında aparılan keyfiyyət araşdırması


Araşdırmalar davamlı olaraq göstərir ki, polisə daha müsbət münasibəti olanlar qanuna ve polis əmrlərinə tabe olmağa daha meyllidir. Buna görə, ictimai asayişin təminatından məsul olan polis əməkdaşlarının üzərindəki yük müəyyən qədər azalır. İrlandiya Respublikasında aparılmış bu tədqiqatda bir sıra məsələləri başa düşmək və gənclərin polisə münasibətini anlamaq üçün keyfiyyət metodologiyasından istifadə edilib. Yarım-strukturlaşdırılmış dərinləşdirilmiş müsahibələr vasitəsilə polis haqqında təsəvvürlər, polis fəaliyyətinin qiymətləndirilməsi və polislə təmasın (məsələn, cərimələnmək) gənclərdə yaratdığı hisslər öyrənilib. Bu araşdırmanın üç konkret tədqiqat sualı olub: 1) gənclərin polisə münasibətini öyrənmək; 2) onların qarşılıqlı münasibətinin keyfiyyət cəhətlərinin öyrənilməsi və 3) gənclərin nəzərində polisin cəmiyyətdəki vəzifələri.

Gənclərin polisə münasibətinə təsir edən amillərin başa düşülməsini araşdırmaq üçün ilk növbədə iştirakcilar polislə qeyri-cinayət tərkibli əmələ görə təması olan gənclər arasından seçildi. İrlandiyanın qərbindəki bir şəhərdəki 2 gənclər mərkəzi araşdırmaya cəlb olundu, və hər mərkəzdən 10 respondent müsahibəyə razılıq verdi. 4 əlavə gənclər mərkəzi də iştiraka dəvət edilsə də vaxt çatışmazlığına və ya gənclərin müsahibədən imtina etməsinə görə onlar əhatə edilmədi. 20 iştirakçının 16-ı kişi respondent olub, hamısı müsahibə aparılan dövrdə orta təhsil almaqdaydı. Müsahibələr ortalama 45 dəqiqə davam etdi və hər biri səsyazma ilə qeydə alındı. Sonda isə səsyazıları analiz üçün transkriptə köçürüldü.


Mənbə - Gleeson, H. (2018). Exploring the meaning of young people's attitudes towards the police. A qualitative study of Irish youth. International Journal of Law Crime and Justice, 55, 97-105.


Nümunə (4) Koreya ,Meksika və Polşadan olan yeniyetmə immiqranlar arasında uyğunlaşma (adaptasiya) prolemləri

Bu tədqiqatın məqsədi ABŞ-ın Miduest bölgəsində yaşayan Koreya, Meksika və Polşa əsilli yeniyetmə immiqrantların yeni mühitə uyğunlaşma problemlərini araşdırmaqdır. Tədqiqat İllinoya ştatının Çikaqo və Şampeyn-Urbana metropolis bölgələrində yaşayan yeniyetmələrlə aparılmış 16 dərinləşdirilmiş və yarım strukturlaşdırılmış müsahibələrə əsaslanır. Respondentlərin ABŞ-da yaşayış müddəti 5 aydan 15 ilə qədər dəyişib. Müsahibələr respondentlərin evləri, iş yerləri, kafelər və yataqxanalarda olmaqla fərqli mühitlərdə aparılıb. İki müsahibə istisna olmaqla, hər biri diktofonla yazıldı. Müsahiblər müəlliflərin əlaqələri vasitəsilə (qartopu seçməsi) müəyyən edilib.

Gənc immiqrantların uyğunlaşmalarına dair 3 əsas problem müəyyənləşdirilmişdir. Əvvəla, respondentlər məktəblərində yaşadıqları problemlərdən - ingilis dilini bilməmələri, müəllimlər və digər məktəb əməkdaşları ilə mənfi qarşılıqlı əlaqələrinin olması və ikidilli təhsilin çatışmazlıqları barədə danışdılar. İkincisi, immiqrasiyadan sonra ailə münasibətləri ilə bağlı məsələləri müzakirə etdilər. Ailənin ayrılması, immiqrasiyadan sonra valideynlərlə qeyri-adekvat münasibət və nəsillərarası münaqişə müsahiblər tərəfindən səsləndirilən əsas problemlərdən idi. Nəhayət, həmyaşıdları ilə münasibətlərin adaptasiyaya yaratdığı maneələrdən, eləcə də, köçdükləri cəmiyyətdəki gənclərin onlara qarşı sərgilədikləri ayrıseçkilik və gənclərin həmin ölkənin mədəniyyət fərqliliyinə münasibət bildirdilər.


Mənbə - Stodolska, M. (2008). Adaptation Problems among Adolescent Immigrants from Korea, Mexico and Poland. Journal of Immigrant & Refugee Studies, 6(2), 197–229.


3. Sərbəst müşahidə

Cəmiyyətdə elə mövzular və məsələlər var ki, onları öyrənib dərk etməyin yeganə yolu birbaşa müşahidədən keçir. Sosioloji müşahidələr tədqiqatçıya insanları təbii mühitlərində müşahidə edərək, digər metodlarla əldə edilməsi mümkün olmayan məlumatları toplamaq imkanı verir. Məsələn, restoranda xidmətçi-müştəri münasibəti, polis əməkdaşlarının vətəndaşlarla rəftarı, müəllim və tələbənin sinif otağındakı münasibəti kimi mövzular müşahidə üçün əlverişlidir. Müşahidəçinin vəziyyətindən asılı olaraq iştiraklı müşahidə iki cür aparıla bilər – açıq və gizli üsulla. Açıq üsulda müşahidə edilən subyektlər tədqiqatdan xəbərdardır, ancaq gizli üsulda siz kimliyinizi və məqsədinizi heç kimə bildirmirsiniz.


Müşahidə diktofon, yaxud video kamera ilə qeydə alına bilər, ancaq bu, çox zaman mümkün olmur. Belə hallarda baş verənləri kağıza yazıb, müşahidə bitdikdən sonra günün sonunda kompüter, yaxud mobil telefonunuza köçürə bilərsiniz.


Nümunə (1) – Polisi sistemin daxilindən izləmək

Gizli müşahidə məlumat toplama metodunun kriminologiya elmindəki ən uğurlu tətbiqlərindən birini Britaniyalı polis əməkdaşı və professoru Saymon Holdevey həyata keçirib. 1970-ci illərdə London şəhər polis idarəsində serjant rütbəli polis əməkdaşı kimi çalışan Holdevey həmkarları, eləcə də, idarənin vəzifəcə daha yüksək ranklı əməkdaşlarını müşahidə edərək polis işinin keyfiyyət xüsusiyyətlərini qələmə alıb. Onun üçün xüsusi maraq kəsb edən bir neçə məsələ olub ki, onlardan da bəziləri bunlar idi; polis əməkdaşlarının düşüncəsi, cəmiyyətə baxışı nədir? Polis əməkdaşlarının zorakı güc, yoxsa yumşaq gücün tətbiqinə qərar vermədən öncə nələri nəzərə alır? Nəzərə çatdırım ki, həmin dövrdə Britaniyada belə araşdırma aparmaq üçün etik şuradan icazə almaq şərti yox idi, və bu araşdırma da məhz etik qaydaları müəyyən qədər pozaraq keçirilmiş idi.


Mənbə - Simon Holdaway (1979) Inside the British police: A force at work. London: Hodder and Stoughton Educational.


Nümunə (2) - Məktəb direktorunu 2 il müşahidə etmək

ABŞ şəhərlərinin birindəki məktəbdə Harri Uolkotun apardığı etnoqrafik müşahidə bu günə kimi təhsil araşdırmaları sahəsində nadir işlərdən biri qəbul edilir. Belə ki, Uolkot məktəb direktoru ilə 2 il müntəzəm əlaqədə olmuş, onu həm ofisində, həm də şəxsi həyatının bir sıra sahələrində müşahidə edib, ona suallar vermişdir. Bununla da o, bir məktəb direktorunun mümkün portretini çəkə bilib.

Mənbə - Wolcott, H. F. (1973) The Man in the Principal's Office. US, AltaMira Press



431 views0 comments
Post: Blog2 Post
bottom of page