- İnqilab Şahbazov
Kəmiyyət metodologiyası (məlumat toplama metodları)
Updated: Feb 27, 2022
Kəmiyyət metodologiyasının təbiəti
Kəmiyyət tədqiqatları əsasən təsviredici və izahedici xarakterə malik olurlar. Onlar problemin miqyasını, tendensiyasını və gedişatını təsvir, dəyişənlər arasındakı əlaqələri müəyyən edərək (təsvir edərək), hadisələrin baş vermə səbəbini izah edə bilərlər. Sosial xassələrin ədədi formaya çevrilməsi və ədədi informasiyanın toplanması kəmiyyət tədqiqatı metodologiyasına xas cəhətlərdir. Kəmiyyət tədqiqatı metodologiyası çərçivəsində öncədən müəyyənləşdirilmiş və formallaşdırılmış strukturdan istifadə edilərək, sayca böyük seçmə üzərində sorğular aparılır, araşdırma mövzusu tədqiq edilir. Təsadüfi deyil ki, kəmiyyət tədqiqatlarının özəyində ədədlərlə və faizlərlə ifadə edilən xassələr dayanır.
Anket sorğusu
Əsasən qapalı suallardan (cavab variantlarının təqdim edildiyi) ibarət anketdən istifadə edilən məlumat toplama metodudur. Siyasi oriyentasiya, münasibətlər, inanclar və faktiki məlumat (məsələn, demoqrafik göstəricilər) tipli informasiyanı bu məlumat toplama metodu ilə əldə etmək üçün münasibdir.
- Anket sorğusunu ən azı 4 qaydada apara bilərsiniz - üzbəüz, poçt, telefon və internet vasitəsilə. Respondent tərəfindən təklikdə doldurulan anket qiyabi və anketçinin iştirakı ilə aparılan isə birbaşa sorğu adlanır.
- Anket suallarının sayına məhdudiyyət olmasa da, şəxsi təcrübəm göstərir ki, 35-40 sualdan ibarət anket adətən 15-20 dəqiqə çəkir. Lakin bu, sorğunun üzbəüz, poçt, telefon və internet vasitəsilə olmasından da əhəmiyyətli dərəcədə asılıdır.
- Anket sualları mövzular üzrə bloklara bölünür. Blokların sayına dair məhdudiyyət yoxdur.
- Metodoloq Alan Braymana əsasən, anket sualları məzmununa görə belə bölünə bilər; şəxsin faktiki məlumatlarına dair suallar; şəxsi rəy və fikirləri öyrənən suallar; inanclar və mənsubiyyət; hansısa məsələyə münasibəti öyrənən suallar; müəyyən sahə üzrə bilik və məlumatlılıq səviyyəsini ölçən suallar.
- Suallar verilmə tərzinə görə birbaşa və dolayı (bilavasitə və vasitəli) kimi təsnifatlandırılır. Dolayı suallar əsasən həssas məsələlərin öyrənilməsində faydalıdır.
- Struktur cəhətdən formallaşdırılmış və öncədən konkretləşdirilmiş mahiyyətə malik olduğundan anket sorğularının başlıca zəif cəhəti bundan ibarətdir ki, respondent yalnız intervüçü üçün maraqlı olan məsələlər barədə danışa bilər. Eynilə, intervüçü özü də sorğu vaxtı təzahür edən məqamları aydınlaşdırmaq, yaxud təfsilata varmaq üçün əlavə suallar verə bilmir.
- Sorğunun tərtib edilməsində qızıl qayda bundan ibarətdir ki, hər bir sual hazırlanarkən, tədqiqatçı özünü respondentin yerində təsəvvür etməlidir – “bu sual mənə verilsə, necə cavablandırardım?”
Nümunə (1) – Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə analitik təhlil sənədi Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 19- 28 mart 2020-ci il tarixlərində ölkə miqyasında həyata keçirilən sosioloji sorğunun nəticələrini özündə əks etdirir. Sorğunun bir sıra məqsədi olub – vətəndaşların yeni növ koronavirusa yoluxmaq qorxusunun və buna qarşı tətbiq etdikləri profilaktik tədbirlərin öyrənilməsi; vətəndaşların hökumətin COVID-19 pandemiyasının təsirlərinin azaldılması istiqamətində apardığı siyasətə münasibətinin öyrənilməsi; COVID-19 pandemiyasının və karantin rejiminin vətəndaşlara təsirlərinin araşdırılması. Bir sözlə, bu tədqiqat sahə tədqiqatı yanaşması ilə informasiyanı birbaşa vətəndaşdan alıb.
Respondentlərin seçilməsində təsadüfi seçmə üsulu kimi klaster üsulundan istifadə edilib. Ümumilikdə 1212 respondent iştirak edib. Ölkə üzrə seçilmiş ünvanlarda 101 klaster təsadüfi seçim əsasında müəyyən edilib. Hər br klasterdə (şəhər, qəsəbə, yaxud kənd) Sosial Tədqiqatlar Mərkəzinin nömrələr bazasındakı hər 3-cü respondent seçilib. Sorğunun nəticələri 95% əminlik intervalı,statistik xəta əmsalının 3% olması nəzərə alınaraq təhlil edilib. Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub. Mərkəz əməkdaşları tərəfindən respondentlərin stasionar telefon nömrələrinə gün ərzində saat 12:00-21:00 aralığında zənglər edilib.
Mənbə - Sosial Tədqiqatlar Mərkəzi (2020) Azərbaycanda pandemiya ilə mübarizə icimai rəydə. https://stm.az/uploads/5d781-hesabat-pandemiya-9.pdf
Nümunə (2) – Böyük Britaniya yeniyetmələrinin alkoqol anlayışı və alkoqol qəbuletmə istəyi üzrə yaş fərqləri
Rol modeli olaraq “Prototip İstək Modeli"ndən (Prototype Willingness Mode- PWM) istifadə edərək, bu tədqiqat Böyük Britaniyada yeniyetmələrin alkoqol istehlakı, alkoqol prototipi anlayışı və alkoqol qəbuletmə istəyi arasındakı əlaqəni tədqiq etməyə çalışıb. Bu məqsədlə birdəfəlik onlayn anket sorğusu vasitəsiylə 11-17 yaş arası yeniyetmələrlə onların alkoqol prototipi anlayışları, alkoqol qəbuletmə istəkləri, real alkoqol istehlakı səviyyəsi, sərxoşluq və alkoqolun zərərləri barədə sorğu keçirilib. İştirakçılar məktəblər və valideynlər vasitəsilə rahat seçmə (qeyri-təsadüfi) yoluyla müəyyən edilib. Sorğuda 178 respondent iştirak edib. Çox dəyişkənli analizə əsasən, alkoqol qəbuletmə dərəcəsi müstəqil dəyişən kimi nəzərə alındıqda belə PWM ( Prototype Willingness Model) şkalasında 11-15 və 16-17 yaşında olan iştirakçılar arasında statistik əhəmiyyətli fərqlər aşkar edilmişdir (p <.001). Yaş və prototip anlayışları arasında statistik əhəmiyyətli əlaqə (p <.001) mövcuddur; gənc iştirakçılar 16-17 yaş arasındakı iştirakçılara nəzərən özünə daha çox bənzər və əlverişli olan alkoqol qəbul etməyən prototipləri qəbul etmişdilər. 16 və 17 yaşlarında olan iştirakçılarda alkoqol qəbuletmə istəyi və həvəsi oxşar səviyyədə olsa da, daha gənc iştirakçılar niyyətlərinə nisbətən istəkdə əhəmiyyətli dərəcədə daha yüksək nəticə əldə etdilər. (p<.001). Bu tədqiqat PWM-in Böyük Britaniya yeniyetmələrinin alkoqol qəbuletmə dərəcələrindəki fərqləri izahedici gücünü göstərməklə ədəbiyyata töfhə verir. Nəticələr göstərir ki, 11-15 yaş aralığı gənclərin gələcəkdə alkoqol problemindən əziyyət çəkməmək üçün onlara xarici müdaxilə üçün ən uyğun yaş ola biləcəyini göstərir.
Mənbə - Davies, E. L., Martin, J., & Foxcroft, D. R. (2016). Age differences in alcohol prototype perceptions and willingness to drink in U.K. adolescents. Psychology, health & medicine, 21(3), 317–329.
Nümunə (3) Nyu-Yorkda yaşayan Banqladeşli immiqrantların qeyri-təsadüfi üsulla seçilməsi
Bu kriminoloji araşdırma çərçivəsində Nyu-York metropoliteni ərazisindəki Banqladeşli immiqrantlardan ibarət tədqiqat subyektləri qeyri-təsadüfi seçmənin məqsədli və rahat seçmə üsulları ilə müəyyən edilib. Onlar sorğuya tədqiqatçıların özləri və şəxsi əlaqələri vasitəsilə dəvət edildilər. Belə ki, hər növ yaş, cinsiyyət, təhsil və peşə qruplarından iştirak nisbətlərini maksimuma çatdırmaq üçün Jackson Heights, Jamaica və Bronx rayonlarında müxtəlif sosial və ictimai birliklərin icma üzvləri arasında anketlər paylandı. Tədqiqatçılardan biri həmkarlarıyla bərabər anketləri icma yarmarkalarında, siyasi partiyalarda və dini icmalarda payladı. İştirakçılar sorğuya daxil olan hər hansı bir məsələ barədə məlumatlı olmadığı təqdirdə suallar verməyə təşviq olunurdu. Bütün parametrlərdə anonimliyi təmin etmək üçün tədqiqatların keçirildiyi məkanlarda poçt qutuları qoyuldu ki, iştirakçılar anketlərini anonim şəkildə olaraq həmin qutulara ata bilsinlər. İştirakçılara 250 anket paylandı və bu tədqiqat üçün ümumilikdə cavabların faizi təxminən 81% təşkil etdi ki, bu da 202 respondentin iştirakı deməkdir. Gördüyünüz kimi, bu araşdırma kəmiyyət metodologiyasından istifadə etsə də, seçməni qeyri-təsadüfi prinsiplə aparıb.
Mənbə - Mahfuzul I. Khondaker, Yuning Wu & Eric G. Lambert (2015): Bangladeshi
immigrants' willingness to report crime in New York City, Policing and Society, 27(2), 188-204
2. Məlumatların ikinci təhlili
Bu və ya digər məqsədlə sizin özünüz və ya başqası tərəfindən toplanmış informasiyanın yenidən təhlilinə deyilir. Məlumatların sahə tədqiqatı əvəzinə mövcud materialların təhlili və tədqiqi ilə toplanmasına görə bu metod masaüstü tədqiqat kimi də qəbul edilir.
Məlumatların ikinci təhlili metodu hazır sənədlər, informasiya mənbələri və tədqiqatlardakı məlumatların təhlil edilməsi yolu ilə həyata keçirilən informasiya toplanması üsuludur. Bu məlumat mənbələrinə rəsmi dövlət və şirkət sənədlərini, arxivləri, illik statistik hesabatları, beynəlxalq təşkilatların (Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və s.) hesabatlarını və s. kimi materialları aid etmək olar. Əhali arasında xəstəliklərin yayılma dərəcəsi, səhiyyə xidmətlərinə müraciətin şəhərlər üzrə paylanma dərəcəsi və s. kimi mövzuların məhz mövcud sənədlərin təhlili əsasında tədqiq edilməsi mümkündür.
- Məlumatların ikinci təhlili bir sıra məqsədlə istifadə edilə bilər - əsas araşdırma üçün hazırlıq; mövcud nəzəriyyəni təkmilləşdirmək, yaxud yeni nəzəriyyə işləyib hazırlamaq; tədqiqatçının özünün, yaxud başqasının apardığı tədqiqatın araşdırılmamış məqamlarını öyrənmək, cavablandırılmayan suallarına cavab axtarmaq.
- Nələrə diqqət etməli? İnformasiya mənbələri heç də həmişə etibarlı və obyektiv sayıla bilməz. Bununla yanaşı, bəzi informasiya mənbələri olduqca köhnə ola bilər.
- Məlumatların ikinci təhlili adətən daha ucuz başa gəlir və həyata keçirilməsi nisbətən rahat olur.
Nümunə (1) – Mühit və coğrafi amillərin cinayət hallarının sayına təsiri varmı?
Estoniya, Latviya və Litvada 1993-2000- ci illər ərzində mühit və coğrafi amillərin cinayət hallarının sayına təsirini öyrənən Sekkato kəmiyyət metodologiyasına müraciət edib. Bunun üçün o bir sıra statistik informasiyalar (hər bir ölkənin ÜDM səviyyəsi, boşanmaların sayı, işsizlik, sosial xidmətlərə ayrılan vəsait və s.) ilə yanaşı seçkidə iştirak faizi, urbanizasiya səviyyəsi, eləcə də, sosial-demoqrafik amilləri statistika təhlilə müstəqil dəyişənlər kimi daxil edib. Onun araşdırmasındakı (məlumatların ikinci təhlilindən istifadə edilib) asılı dəyişən isə polis tərəfindən qeydə alınan zorakı cinayətlərin sayı idi. Sekkatonun reqressiya analizi müəyyən etdi ki, boşanmaların sayı zorakı cinayətlərin sayına təsir edən ən güclü amildir. Bu təhlildə seçmənin 3 vahidi kimi 3 Baltikyanı ölkə iştirak edib.
İndi təsəvvür edin – bu araşdırmanı sahə tədqiqatı ilə, respondentlərlə sorğu keçirərək aparmaq olardımı? Təbii ki, xeyr.
Mənbə - Ceccato, V. (2008) Expressive crimes in postsocialist states of Estonia, Latvia and Lithuania, Journal of Scandinavian Studies in Criminology and Crime Prevention, 9, 2-30.
Nümunə (2) – İqtisadi böhranla intihar arasında əlaqə
İqtisadi böhranın intihara təsir mexanizmi tam aydın deyil. Bu tədqiqatın hipotezi bundan ibarətdir ki, adı çəkilən təsirinsanlar tərəfindən geniş şəkildə emosional reaksiya, “instinktiv duyğular” kimi başa düşüldüyündən, iqtisadi fəaliyyətinsubyektiv amilləri intihar sayına təsir edir. İntihar sayındakı fərqləri izah etmək üçün ənənəvi iqtisadi göstəricələrlə yanaşı “istehlakçı sentimenti" ölçüsündən istifadə edir. “İstehlakçı sentimenti" ölçüsü iqtisadi amillərin fərdlərə təsirinin onlar tərəfindən necə başa düşüldüyünü ifadə edir. Əlavə olaraq, biz qlobal maliyyə böhranının təsirini, eləcə də, dövlət büdcə və səhiyyə xərclərinin səviyyələrinin də intihara təsir edib-etmədiyi yoxlanılır. Nəticələr göstərir ki, istehlakçı sentimentinin ənənəvi iqtisadi göstəricələrlə müqayisədə intihar nisbətindəki dəyişikliklərə təsiri daha çoxdur. Bununla yanaşı, istehlakçı sentimentinin təsiri qadınlar üçün kişilərdən daha böyükdür, hərçənd bəzi nüanslar da mövcuddur. Hökumətin ümumi büdcə və səhiyyə xərclərinin intihar nisbətlərinə əhəmiyyətli dərəcədə təsiri olmadığı müəyyən edildi.
Mənbə - Collins, A., Cox, A., Kizys, R., Haynes, F., Machin, S., & Sampson, B. (2020). Suicide, sentiment and crisis. The Social Science Journal, 1–18. https://doi.org/10.1016/j.soscij.2019.04.001
Nümunə (3) – Cinayətdən zərər çəkənlər bu barədə polis orqanlarına müraciət edirmi?
Afrikanın ölçü cəhətdən ən kiçik dövlətlərindən biri Malavidə aparılmış və stratifikasiyalı təsadüfi seçmə üsulunun tətbiq edildiyi araşdırmada məlumat toplama metodu olaraq daha öncə aparılmış anket sorğusu nəticələrinin ikinci analizindən istifadə edilib. Sorğuda 11,280 ev təsərrüfatından 52,707 respondent iştirak etmişdir. Seçmədə baş məcmu qismində Malavinin 26 rayonu üzrə 564 yaşayış məntəqəsi çıxış edib. Hər bir məntəqədə 20 ev təsərrüfatı təsadüfi üsulla seçilib. Britaniyalı tədqiqatçı Eyden Saydbottomun məqsədi Malavidə cinayətə məruz qalan vətəndaşların bu barədə polis orqanlarına müraciət edib-etməməsini və bu qərara təsir edən amilləri öyrənmək idi.
Mənbə - Sidebottom, A. (2014). On the Correlates of Reporting Assault to the Police in Malawi, The British Journal of Criminology, 55(2): 381–398, https://doi.org/10.1093/bjc/azu083
Nümunə (4) - Siqaret vergisinin artmasının kişilərin siqaretdən istifadəsinə təsiri: Cənubi Koreyada verginin artırılmasına dair 2015-ci ilə dair araşdırma
Bu tədqiqat 2015-ci ildə Cənubi Koreyada siqaretə tətbiq edilən aksiz vergisində 114% artımın kişilərin siqaret çəkmə davranışına təsir edib-etməməsini araşdırır. Ölçülən dəyişənlər bunlardan ibarətdir: cari ildə siqaret çəkmə vəziyyəti, gündəlik çəkilən siqaretlərin orta sayı, son 6 ay ərzində siqareti tərgitmək istəyi və son iki il ərzində siqaret çəkmə davranışındakı hər hansı dəyişiklik. Koreya Rifah Panel Mərkəzinin (KOWEPS) geniş miqyaslı panel məlumatlarının analizi əsasında müəyyən edilmişdir ki, digər araşdırmalarda da göstərildiyi kimi siqaretə tətbiq edilən aksiz vergisi siqaretdən istifadəni əhəmiyyətli dərəcədə azaldıb. Vergi artımından sonra siqaret çəkənlərin bir çoxunun siqareti tərgitdiyi, siqaret çəkməyə yeni başlayanların sayının isə daha az olduğu tapılıb. Bununla yanaşı, vergi artımından sonrakı dövrdə davamlı (fasiləsiz) siqaret çəkənlərin daha az siqaret çəkdikləri də məlum olub. Vergi artımından dərhal sonra 2015-ci ildə insanların siqareti tərgitmək istəyi artsa da, bu, növbəti ildə reallıqda öz əksini məhdud dərəcədə tapdı.
Mənbə - Kim, D., & Jung, H. (2020). The impact of cigarette tax increases on men’s smoking behavior: Evidence from a 2015 cigarette tax hike in South Korea. Social Science Journal, 57(4), 485-507.
3. Stukturlaşdırılmış müşahidə (SM)
Tədqiq olunan subyektin fəaliyyət və davranışını öncədən müəyyənləşdirilmiş elementlər əsasında tədqiq edilməsindən ibarət məlumat toplama metodudur. Burada öyrənilən subyektin fəaliyyət və davranışına diqqət yetirilir, onların baş vermə müntəzəmliyi ölçülür. SM-də tədqiqatçı müşahidə etdiyi qrupa daxil ola (iştiraklı müşahidə) və olmaya bilər (kənardan müşahidə). Müşahidəçi tədqiqat subyektlərini birbaşa müşahidə etdiyindən, onların fəaliyyətinə dair daha etibarlı və düzgün məlumat əldə etmək imkanından yararlanır. Baxmayaraq ki, tədqiqat subyektləri davranışlarını sırf sizə görə təhrif edə bilər. Bu metod əsasən təhsil və tibb ocaqlarında müəllim-şagird, yaxud tələbə və həkim-xəstə münasibətlərinin müşahidəsində geniş istifadə edilir. Müşahidəsi gözlənilən hadisə və əlamətlər öncədən müəyyən edilir, və baş verdikcə, vərəqdə işarələnir. Məsələn, sinif otağında müəllim neçə dəfə sual verir, tələbələr onları cavablandıra bilirmi və s. kimi sualların cavabını müşahidə ilə tapmaq olar. SM-in başlıca zəif cəhəti dəyişilməz, öncədən müəyyən edilmiş, bəzən isə dar çərçivəli olan əlamətlər siyahısından istifadədir.
Nümunə (1) - İbtidai məktəb müəllimlərinin iş yerində davranışı
Bu tədqiqatda müxtəlif ibtidai məktəblərdə ikinci sinif və dördüncü siniflər arasında dərs tədris edən 5 müəllimin iş yerində davranışını öyrənmək üçün strukturlaşdırılmış müşahidə metodundan istifadə edilmişdir. Daha sonra cari araşdırmanın nəticələri oxşar tədqiqatların nəticələri ilə müqayisəli şəkildə analiz edilib. Müşahidə nəticəsində müəyyən edilib ki, şagirdlərin ehtiyac və tələbatlarının qarşılanması amili müəllimlərin iş yükünün artmasına təsir edir. Müəllimlər arasında həddən artıq işləmək probleminin aradan qaldırılmasına dair bəzi siyasət təklifləri irəli sürülür.
Müşahidə necə aparıldı? (Nümunə 1-ə aiddir)
5 ibtidai məktəb müəlliminin timsalında hər 5 ardıcıl iş günündə (ümumilikdə 25 gün) müşahidələr aparıldı. Eyni yaşayış ərazisinin beş fərqli zonasında məktəblər ‘‘müxtəliflik’’ prinsipi nəzərə alınaraq seçildi. Məktəblər əsasən bu ərazilərdə yerləşirdi: 1 şəhər mərkəzi, 2 ucqar bölgə (kənd), 1 şəhərətrafı və 1 orta ölçülü (makro) şəhərdə. Tədqiqat subyekti müəllimlər aşağıdakı meyarlar üzrə seçildi; 3 ildən çox pedaqoji təcrübəsi olan, köməkçi istifadə etməyən və ya az istifadə edən, tipik tədris metodundan istifadə edən və 1-4-cü siniflərdə dərs tədris edən. Meyarlar müəyyən ediləndən sonra bir sıra məktəbin direktorları ilə əlaqə saxlanıldı və tədqiqatın məqsədi izah edildi. Razılıq verən məktəb direktorlarının rəhbərlik etdiyi məktəblərdəki müəllimlərin adlarının olduğu siyahı (siyahıda yalnız meyarlara cavab verənlər var idi) təqdim edildi. Sonda adlar təsadüfi rəqəmlər cədvəlindən istifadə edilərək təsadüfən seçildi.
Mənbə - McDaniel-Hine, L. C., & Willower, D. J. (1988). Elementary School Teachers’ Work Behavior. The Journal of Educational Research, 81(5), 274–280. https://doi.org/10.1080/00220671.1988.10885835
Nümunə (2) Oğurluğu müşahidə etmək
İngiltərənin iki şəhərində Bakl və Farrinqton tərəfindən olduqca maraqlı strukturlu müşahidə aparılıb. Belə ki, tədqiqat heyətindəki müşahidə aparan əməkdaşlar müxtəlif əşyaların satıldığı böyük mağazanın qapısında dayanıb, içəri girən müştəriləri təsadüfən (hər N-ci üsulla) seçərək, onları müşahidə etməyə başlayıb. Təbii ki, müşahidə üçün hər hansı icazə alınmayıb ki, bu da etik prinsiplərə ziddir. Bir şəhərdə 486, digərində isə 502 nəfər müşahidə edilib. Öncədən müəyyənləşdirilən qeyd vərəqəsindəki davranışlar müşahidə edildikcə qeydə alınıb. Qeyd vərəqəsində bu meyarlar əksini tapıb – gender, təxmin edilən yaş (çünki müştərinin özündən soruşulmayıb), oğurlanan əşya və davranış tərzi. İki şəhərdə cəmi 15 nəfər müşahidə zamanı oğurluq edib. Maraqlıdır ki, oğurluq edənlərin əksəriyyəti digər məhsulları ödəniş edərək alıb, oğurladıqlarını isə ölçücə kiçik olduğnudan, üzərlərində gizlədə biliblər.
Buckle, A. & Farrington, D.P. (1984) An Observational Study of Shoplifting. British Journal of Criminology, 24, 63-73
4. Kontent təhlili
Kontent təhlili (bəzən, informasiyanın məzmunun təhlili, yaxud informasiyanın tərkibinin təhlili də adlandırılır) dərc edilmiş yazılı materialda və televiziya, radio və ya digər mətbu orqanı tərəfindən yayımlanmış materialda müşahidə edilən əlamətlərinin sayılmasını ifadə edən məlumat toplama metodudur. Təmassız məlumat toplama metodudur - respondentlə birbaşa əlaqə qurulmur.
- Burada müşahidə edilən əlamətlərin materialda təkrarlanması tezliyinin ölçülməsinin köməyilə həmin əlamətlərin önəmlilik dərəcəsinin öyrənilməsi başlıca məqsəddir. Məsələn, televiziya proqramının məzmununu təhlil edən tədqiqatçı bununla həmin televiziya kanalının üstünlük verdiyi verilişləri müəyyənləşdirə bilər.
- Sosial şəbəkələrdə hər hansı bir məsələyə yazılan rəylərin kontent analizi də mümkündür.
Nümunə (1) Uşaqlara qarşı seksual zorakılığın mətbuatda işıqlandırılması
Afrika dövləti Botsvanada Nanki Ramabu tərəfindən aparılan kontent analizdə diqqət mərkəzində 5 yerli qəzet olub. Müəllif qəzetlərin internet səhifəsində uşağa qarşı seksual zorakılığa dair xəbərlərin əks edildiyi (2017, 2018 və 2019-cu illər üçün) kontenti tapmaq üçün axtarış mühərrikindən istifadə edib, və nəticədə, 101 xəbər materialı müəyyən edib. Nəticələr Nvivo xüsusi proqramı ilə təhlil edilib. Axtarış edərkən bir sıra sözlərdən istifadə edilib – zorakılıq, həssas uşaqlar, uşağa qarşı şiddət, təcavüz və s. Analiz müəyyən edib ki, uşağa qarşı seksual zorakılığa dair materiallar mətbuatda verilərkən, əsas diqqət cinayəti törədənə və ona verilən cəzaya yönəlir. Lakin bəzi hallarda bununla yanaşı, uşağa qarşı seksual zorakılığa qarşı mübarizə metodları barədə də məlumatlar paylaşılır.
Nümunə (2) Pandemiya dövründə panik alış-veriş
Ərəfat və həmkarları 2020-ci ilin əvvəlindən 22 may 2020 tarixinə qədər dünya üzrə ingilisdilli mətbu orqanlarının internet səhifəsində ‘‘panic buying’’ sözünü axtarışa verərək, bu sözün əks edildiyi materialları axtarıb. Yekunda 30-a yaxın ölkə üzrə 214 belə material müəyyən edilib. Onların əsaslı hissəsi Böyük Britaniya, ABŞ və Hindistanın payına düşüb (3-ü birlikdə 70%-dən çox). Materialların daha çox hissəsi yalnız internet səhifəsində mövcud olsa da, bəziləri həm internet səhifəsində, həm qəzet, həm də televiziyada yayımlanıb. Nəticələr göstərir ki, 214 xəbər materialının 46%-i müştərilərin tələbatının həddən artıq olduğu və təklifin təmin edilə bilmədiyi məhsul barədə yazıb. 82% materialda panik alış-verişin səbəblərinə geniş yer verilib. 9.3% materialda hökumət tənqid edilib. Təsviri materialların 67.3%-də mağazalarda boş qalmış rəflər nümayiş edilib.
Mənbə - Arafat, S. M. Y., Kar, S. K., Menon, V., Kaliamoorthy, C., Mukherjee, S., Alradie-Mohamed, A., Sharma, P., Marthoenis, M., & Kabir, R. (2020). Panic buying: An insight from the content analysis of media reports during COVID-19 pandemic. Neurology Psychiatry and Brain Research, 37.