- İnqilab Şahbazov
İnternetdə material axtaranda nələrə diqqət etməli?
İnternetdə material axtaranda ən azından aşağıdakı məqamlara diqqət etməlisiniz. Unutmayın, internetdə milyonlarla faydalı material olduğu kimi, bəlkə bir o qədər də yanlış material var.
QEYD - Aşağıdakı məqamlar Örl Babbinin müəllifi olduğu ''Sosial Tədqiqatın Praktikası'' adlı kitabdan götürülüb (5-ci bənd istisna olmaqla)
1. Veb səhifənin müəllifi kim və ya haradır? İnternetdən aldığınız məlumatların iki böyük riski var – (1) qərəz və (2) aşağı keyfiyyət. Ümumdünya Hörümçək Torunun demokratik gözəlliyi ondan ibarətdir ki, məzmun senzuraya məruz qalmadan böyük kütlələr üçün əlçatan üslubda təqdim edilir. Bu müsbət cəhətlərin eyni anda riskləri də var ki, bunlardan da başlıcası hər kəsin hər cür məzmunu paylaşa bilməsidir. Məhz buna görə də, veb səhifənin müəllifinin kim olması – fərd yoxsa təşkilat – aydınlaşdırmalı olduğunuz ilk məqamdır. [Bura əlavə etmək istərdim ki, internetdə ''araşdırmalar göstərir ki,...'' kimi başlayan cümlələrlə olan materiallara xüsusilə diqqət yetirin. Elə səhifələr var ki, bəzən həqiqətdə heç bir araşdırma olmadığı halda öz fikirlərini təbliğ etmək üçün bu sözdən istifadə edirlər - İnqilab Şahbazovun əlavəsi]
2. Sayt hər hansı konkret baxış bucağını (ideologiyanı) təbliğ edirmi? Ümumdünya Hörümçək Torundakı çoxsaylı saytlar müəyyən siyasi, dini, milliyətçi, sosial və ya digər fikirləri təbliğ etmək məqsədilə təsis edilib. Bu, onların təqdim etdiyi məlumatların yanlış olduğu mənasına gəlmir, hərçənd, bəzi hallarda həqiqətən də səhv informasiya paylaşılır. Açıq-aşkar yalan danışmağı saymasaq, həmin saytların müəllifləri yalnız öz maraqları ilə üst-üstə düşən məzmunu paylaşır. Səhifəyə nəzər yetirərək, onun müəyyən qədər obyektivliyi qoruduğunu, yoxsa tamamilə eqoist məqsədlərə xidmət edən və sizi hansısa ideologiyaya inandırmağa çalışan məzmun paylaşdığını görə bilərsiniz.
3. Veb səhifə dəqiq və tam istinadlar verirmi? Təqdim edilən datanın mənbəyi – haradan gəldiyi göstərilibmi? Səhifədəki məzmunun kim və ya kimlər tərəfindən toplandığı deyilirsə, həmin şəxslərin araşdırmasına istinad verilibmi? Həmin mənbəni tapa bilirsinizmi? Əgər data veb səhifənin müəllifləri tərəfindən toplanılıbsa, müəlliflər istifadə etdikləri tədqiqat metodları ilə bağlı kifayət qədər təsviri məlumat təqdim edibmi? Əgər data heç bir izah olmadan təqdim edilibsə, səhifəni tərk etməyiniz yaxşı olardı.
4. Məlumatlar yenilənibmi (aktualdırmı)? İnternetdəki materialların keyfiyyətinə dair digər geniş yayılmış problem budur ki, məzmun paylaşılmış və uzun müddət yenilənmədən qalmış ola bilər. Məhz buna görə də, əvvəlki dövrlərə aid, ancaq yenilənməmiş cinayətkarlıq statistikası, sülh danışıqlarının xronikaları və s. ilə rastlaşa bilərsiniz. Tapdığınız məlumatların sizə lazım olan zaman diliminə uyğun olub-olmamasına diqqət yetirin.
5. Məlumatlar rəsmidirmi? Bir çox mövzular üzrə məlumatları dövlət orqanlarının rəsmi internet səhifələrində axtarıb tapmaq məsləhətdir. Bu mənada Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumat bazasını nümunə göstərmək olar.
6. Veb səhifə universitet nəzdindəki tədqiqat mərkəzinə aiddirmi? Federal tədqiqat agentliklərində olduğu kimi, tədqiqat mərkəzləri və institutlar da etibarlı mənbələr hesab edilir, çünki onlar da peşəkar tədqiqatlar aparmağı hədəfləyir və üzərində nəzarət mexanizmləri (məsələn, resenziya sistemi) mövcuddur. Kitabın bir neçə yerində Çikaqo Universiteti nəzdindəki Milli İctimai Rəy Mərkəzi tərəfindən aparılmış Ümumi Sosial Sorğu barədə danışmışam. Həmin mənbədəki materialları rahatlıqla istifadə edə bilərsiniz: məlumatların legitimliyindən və müəllimlərinizin həmin materiallara istinad etdiyinizə görə sizə irad tutmayacağından əmin ola bilərsiniz.
7. Təqdim edilən məzmun eyni mövzu üzrə digər mənbələrdəki məzmunla üst-üstə düşürmü? Mümkün olduqca tapdığınız məlumatları müxtəlif mənbələrlə qarşılaşdırıb, yoxlayın. Biraz öncə axtarış mühərriklərinin əksər hallarda birdən çox mənbə təklif etdiyini gördünüz. Onları müqayisəli təhlil edib, nələr təqdim etdikləri ilə tanış olun. Əgər çoxsaylı veb səhifələr demək olar ki, eyni məzmunu təqdim edirsə, onlardan istənilən birini istifadə edə bilərsiniz.