- İnqilab Şahbazov
Etik məsələlər
Updated: Feb 27, 2022
Etik davranış kodeksi nədir və niyə əməl etməlisiniz?
Etik davranış kodeksi tədqiqat işinin qanuni, təhlükəsiz və əxlaqi dəyərlərə uyğun formada aparılmasını təmin edən qanun və dəyərlər toplusudur.
Müasir dövrümüzdə etik qaydaları pozan tədqiqatların sayı demək olar ki, barmaqla sayıla biləcək qədərdir, çünki II Dünya Müharibəsindən sonra bir sıra Qərb dövlətlərində ilk öncə tibb, daha sonra psixologiya və insanların subyekt olduğu digər elm sahələrindəki elmi-tədqiqat işlərində alimlərin fəaliyyətinin tənzimlənməsi ehtiyacı yarandı
Elmi etika qaydalarına əməl etmək nəinki tədqiqatçı, eləcə də iştirakçıların təhlükəsizliyinin təminatı cəhətdən önəmlidir. Tədqiqat prosesindəki gözlənilən riskləri minimuma endirmək üçün etik qaydalara əməl etmək labüddür.
Bu hallarda xüsusilə diqqətli olaq
Etik məsələlərin önə çıxa biləcəyi tədqiqatlar, yaxud hallar bunlar ola bilər (bunlarla məhdudlaşmadığını unutmayın);
- azyaşlıların iştirak etdiyi tədqiqatlarda
- tədqiqat mövzusu və ya prosesinin iştirakçıya fiziki, mənəvi, yaxud psixoloji zərər vermə ehtimalı olan tədqiqatlarda (məsələn, respondentdən məruz qaldığı cinayət barədə sual soruşmaq onda müəyyən narahatlıq yarada bilər)
- həssas mövzuların (məsələn, ailədaxili vəziyyət, qeyri-qanuni davranışlar) əhatə edildiyi tədqiqatlarda
- təhlükəli vəziyyətin yarana biləcəyi hallarda (məsələn, gecə saatlarında qaranlıq küçədə sorğu və ya müşahidə aparanda)
- foto/video çəkilişindən və səsyazma cihazından istifadə edildikdə
Elmi etika qaydalarını təsnifatlandırmalı olsaq, onları iki böyük qrupa ayırmaq olar: 1) tədqiqatçının elmi fəaliyyət ilə bağlı səmimiliyi və düzgünlüyü, və 2) tədqiqat subyektlərinin hüquqlarının və anonimliyinin qorunması. Sosial və bazar tədqiqatlarında etik məsələlər üzrə nəzərə alınmalı ən azı dörd mühüm məqam vardır: tədqiqatçının özünə və iştirakçılara dəyə biləcək zərər; qarşılıqlı məlumatlı razılıq (bu sənədə respondent və müsahibə götürən şəxs imza atır, ancaq bütün hallarda tələb edilmir); şəxsi həyata müdaxilə; aldatma.
Qarşılıqlı məlumatlı razılıqla bağlı tez-tez soruşulan sualı burada cavablandırmaq məqsədəuyğun olardı. Təcrübə göstərir ki, fokus qrupları və dərinləşdirilmiş müsahibələrdə adətən qarşılıqlı məlumatlı razılıq yazılı formada əldə edilir - yəni, bu sənədə respondent və müsahibə götürən şəxs imza atır. Lakin bu, anket sorğusunda demək olar ki, müşahidə edilmir. Əvəzində, passiv razılılıq əldə edilir. Burada şifahi razılıq kifayət edir. Məsələn, qapalı suallardan ibarət anket sorğusu əsasında keçirilən və böyük seçməni əhatə edən tədqiqatlarda (istər Azərbaycan, istərsə də, bir çox ölkələrdə) sorğu aparan əməkdaş respondentə özü (yaxud, təmsil etdiyi qurum) və araşdırma barədə şifahi informasiya verib, onun razılığını almaq kifayətdir. Eyni hal onlayn sorğular üçün də keçərlidir - tək fərq odur ki, burada sorğu keçirən şəxs, yaxud, qurum respondentə araşdırma barədə informasiyanı yazılı formada, internet saytında (yaxud digər virtual formada) yazılı halda təqdim edir.
Son olaraq, Amerika Psixoloji Assosiasiyasının (APA) və Amerika İctimai Rəyin Öyrənilməsi Assosiasiyası (AİRÖA) dünyadakı tədqiqatçıların etik məsələlərlə bağlı baxa biləcəyi etik kodekslər hazırlayıb və onlar müntəzəm olaraq yenilənir.