Search
  • İnqilab Şahbazov

Data analizi

Updated: Feb 27

Məlumatların keyfiyyət və kəmiyyət tipli olmasından asılı olaraq, müvafiq analitik metodlardan istifadə edilir.


  1. Kəmiyyət data analizi

Kəmiyyət tədqiqatında təhlil prosesi elementlər arasında qanunauyğunluqların aşkarlanması, əlaqələrin tapılması (məsələn, korrelyasiya və səbəb-nəticə) və fəaliyyətin, eləcə də proseslərin baş vermə tezliyinin müəyyən edilməsi kimi məqsədlərlə həyata keçirilir. Nikolas Uallimanın sözləri ilə desək, data analizi ''riyazi əməliyyatlarla datanın xüsusiyyətlərini araşdırmaqdır''.


Dəyişənlərin təsviri və arasındakı əlaqələrin öyrənilməsində müxtəlif statistik təhlilllərdən istifadə edilir. Təhlil vasitəsilə hər bir suala cavab vermiş respondentlərin sayı, sosial və demoqrafik göstəriciləri, eləcə də, hər bir sualın cavabı müəyyənləşir, onları əks etdirən cədvəllər hazırlanır. Kəmiyyət tədqiqatının analiz nəticələri çoxsaylı və bir-birindən fərqli qrafiklərlə ifadə edilə bilər. Əsasən SPSS, Stata və R proqramlarından istifadə edilir. Kiçik saylı anket sorğularının nəticələrinin ilkin təsviri analizi hər hansı xüsusi proqram olmadan da verilə bilər. Məsələn, tələbələr heç də həmişə həmin proqramlara ehtiyac duymur.


Gəlin nümunəyə baxaq. Sizə 400 nəfərlə keçirilmiş və əhalinin informasiya mənbələrindən istifadə davranışlarına (asılı dəyişən) dair sorğuda iştirak etmiş qadın və kişilərin (gender – müstəqil dəyişən) fərqi maraqlıdır. Hansı cinsin nümayəndələri daha çox Instagrama daxil olur, yaxud radio dinləyir? Biraz da irəli gedərək, şəhər, qəsəbə və kənd yerlərindəki (məkan - müstəqil dəyişən) qadın və kişilərin informasiya mənbələrindən istifadə davranışlarına baxa bilərsiniz.


Təhlilin məqsədləri aşağıdakılardan biri və ya bir neçəsi ola bilər;

•Ölçmək

•Təsvir etmək

•Müqayisə aparmaq

•Münasibət və əlaqələrin müəyyən edilməsi

•Proqnozlaşdırmaq

•Hipotezin yoxlanılması

•Konsept və nəzəriyyələr yaratmaq

•Axtarış (exploration) – dərinə enmək

•Nəzarət etmək (control) – bir amilin təsir gücünün daha yüksək dəqiqliklə ölçülməsi

•İzah etmək


Aşağıdakı kimi cədvəllər və diaqramları yalnız kəmiyyət tədqiqatındakı təhlillərdə görə bilərsiniz.




2. Keyfiyyət data analizi

Keyfiyyət məlumatlarının təhlili yazılı və qeyri-ədədi məlumatların (fikirlər, hisslər, hadisələr və s.) ədədi informasiya formasına çevrilmədən təhlilinə deyilir. Təhlilin məqsədi ‘‘tədqiqat zamanı önə çıxan, aşkar edilən və öyrənilən məsələlər, əlamətlər və hadisələr arasında əlaqə qurmaq, tədqiqat subyektlərinin fəaliyyət və davranışının motivlərini dərk etməkdir. Keyfiyyət tədqiqatının dəyişkən, qeyri-standart strukturuna görə, bu qəbildən olan tədqiqatlar fərqli növinformasiyalar toplaya bilər.


Təhlilçinin adətən birinci axtardığı və müəyyən etmək istədiyi məsələ tədqiqat zamanı tez-tez aşkarlanan, müşahidə edilən, yaxud eşidilən cavablar, sözlər, yaxud hərəkətləri, fəaliyyəti seçib ortaya çıxartmaqdır. Bunları axtararkən təhlil edilən informasiyanın tədqiqatın sual və məqsədinə nə dərəcədə cavab verdiyini mütləq nəzərdə saxlamalısınız. Olduqca sadələşdirilmiş və qısa kodlaşdırma nümunəsi ilə buradan tanış ola bilərsiniz.





Keyfiyyət tədqiqatının səciyyəvi xüsusiyyətlərindən biri təhlil və tədqiqat proseslərinin bir yerdə aparıla bilməsidir.


3. Kodlaşdırma

Kodlaşdırma təhlil mərhələsinin inteqral hissəsidir. Kodlaşdırma hər bir sualdakı cavabların kompüterin oxuya biləcəyi formaya, daha doğrusu, emal dilinə keçirilməsi deməkdir. Təbii ki, kompüter proqramından istifadə etmədiyiniz hallarda da cavabların kodlaşdırılması lazımdır. Kodlaşdırmanın həm mexaniki, həm də kompüter üsulu ilə həyata keçirilməsi mümkündür. Əgər təhlil ediləcək informasiya həcmi böyükdür (məsələn, 50-55 ədəd transkript) və siz tək işləyirsinizsə, xüsusi proqramlara ehtiyac duya bilərsiniz. Burada Nvivo və Quirkos proqramları xüsusilə diqqət çəkir. Kəmiyyət tədqiqatının topladığı məlumatların analizində isə yuxarıda da qeyd edildiyi kimi, SPSS, Stata və R proqramlarından istifadə edilir.


Fərz edin ki, 10 sualdan ibarət anket sorğusu aparmısınız. Hər sualı və cavab variantlarının onun nömrəsi və yerindən asılı olaraq kodlaşdırmalısınız. Məsələn, birinci sualı ''S1'', cavab variantlarını isə 001, 002 və s. kimi kodlaşdırmaq olar. Şad xəbər verim ki, əgər SPSS və bənzər proqramlardan istifadə edirsinizsə, topladığınız data elektron formatdadırsa (məsələn, Google Forum), onu proqrama daxil etdikdə avtomatik kodlaşdırma gedir. Keyfiyyət tədqiqatının kodlaşdırması isə yuxarıdakı nümunədəki rənglərdən görünür. Hər rəng bir əsas kodu ifadə edir.


99 views0 comments

Recent Posts

See All