- İnqilab Şahbazov
Cavabı bilmir, amma cavab verir
Anketdəki suallar respondentlərin əksəriyyətinin bilik və maraq dairəsinə aid olmalıdır. Barəsində respondentlərin az hissəsinin düşündüyü, yaxud ümumiyyətlə heç təsəvvürü olmadığı mövzularla bağlı münasibəti öyrənən sorğu böyük ehtimalla, faydalı nəticə verməyəcək. Təbii ki, bəzi respondentlərin hətta belə hallarda da sualları cavablandırma ehtimalının olması tədqiqatçının reallığı əks etdirməyən data toplaması riskini ortaya çıxarır. Aşağıda Örl Babbinin fikri təqdim edilib ki, onu oxuduqda bütün məsələni başa düşəcəksiniz;
''Bu məqam hərdənbir də olsa, tədqiqatçılar saxta, yəni reallıqda mövcud olmayan şəxs adları və məsələlərlə bağlı respondentlərin münasibətini öyrənmək istəyəndə özünü qabarıq şəkildə göstərir. Apardığım siyasi sorğulardan birində respondentlərdən adları sadalanan 15 siyasi xadimlə tanış olub-olmadığını soruşdum. Metodoloji sınağımı həyata keçirmək üçün siyahıda bir saxta ad təqdim etdim: Tom Sakumoto. Respondentlərin 9%-i həmin xadimi tanıdıqlarını dedi. Hətta onu tanıdığını deyənlərin yarısı həmin siyasi xadimi televiziyada gördüyünü və qəzetlərdə haqqında oxuduğunu bildirdi.
Reallıqda mövcud olmayan məsələlərlə bağlı əldə edilən nəticələri heçə saya bilərsiniz. Lakin soruşulan məsələ realdırsa, verilən cavabların həqiqi münasibəti əks etdirib-etdirmədiyini, yəni hansı cavabların səmimi, hansıların mənasız olduğunu müəyyən etmək qeyri-mümkün ola bilər.
İdeal halda, respondentlərin sadəcə olaraq, cavab verməkdə çətinlik çəkdiklərini, yaxud məsələ barədə qərarsız olduqlarını demələri yaxşı olardı. Təəssüf ki, bəzən respondentlər cavablandırmaq xatirinə suala cavab verirlər.''