- İnqilab Şahbazov
Tədqiqat nədir? Əsas məsələlər
Updated: Feb 28, 2022
1. Fundamental məsələlər
Hər bir problemin, hadisənin, yaxud prosesin öyrənilməsi üçün tədqiqat metodologiyasından (yunan sözlərinin birləşməsindən əmələ gələrək yeni bilik əldə olunması üsulu kimi başa düşülür) istifadə edilir.
2. Məqsədinə görə tədqiqatın təsnifi (bütün mümkün variantlar sadalanmayıb)
Təsviri - Mahiyyətcə təsviri olan araşdırmaların əsas məqsədi xassələri, eləcə də, keçmiş, mövcud, yaxud gələcək vəziyyətin xüsusiyyətləri və göstəricilərini təsvir etməkdən ibarətdir. Məsələn, ölkədəki sağlamlıq imkanları məhdud əhalinin sayını və xarakteristikalarını göstərən hesabat mahiyyətcə təsviridir. Bu, sadəcə göstərməklə məhdudlaşır, izah etmir.
İzahedici - tendensiyanın, qanunauyğunluqların, baş verən hadisələrin və mövcud vəziyyətin yaranma səbəblərini öyrənən tədqiqat mahiyyətcə izahedici hesab edilir. Məsələn, ölkədə baş verən iqtisadi böhranın səbəblərini məhz izahedici tədqiqat müəyyən edir. İzahedici tədqiqatın daxilində də bölgü aparmaq olar. Məsələn, keyfiyyət tədqiqatlarının bir növü olan etnoqrafik araşdırma izahedici ola bilər.
Kəşfiyyat - Kəşfiyyat araşdırmasının səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, burada tədqiqat probleminin kəmiyyət və keyfiyyət xüsusiyyətləri dərindən öyrənilir. Əsasən barəsində məhdud məlumat olan məsələlərin öyrənilməsi üçün əlverişlidir. Məsələn, Azərbaycanda tat və ləzgi etnik qruplarının gündəlik yaşayış tərzini müfəssəl qaydada öyrənərək, onların azərbaycanlılardan fərqi və oxşarlıqlarını kəşf etmək olar.
Müqayisəli - İki, və ya daha çox subyektin biri-biri ilə müqayisəli şəkildə tədqiq və təhlili müqayisəli tədqiqat adlanır. Müxtəlif ölkələrin penitensiar xidmətlərinin quruluşlarının müqayisəli qiymətləndirilməsini nümunə kimi göstərə bilərik. Eynilə, tarixdəki fərqli dövrlərin müqayisəsi də bu qəbildəndir, və bəzən tarixi tədqiqat da adlanır.
Eksperimental - Bu qəbildən olan araşdırmalarda hipotezin yoxlanması və ya dəyişənlər arasında səbəbiyyət əlaqələrinin öyrənilməsi nəzərdə tutulur. Təbii, tamamilə süni və yarı-süni (yarı-təbii) şəraitlərdə keçirilə bilər. Fərz edək ki, iqtisadçılar minimum əməkhaqqı səviyyəsinin qalxmasının əhalinin alıcılıq qabiliyyətinə təsirini öyrənmək istəyirlər. Eksperimental yanaşmada onlar bu əlaqəyə təsir edə biləcək mümkün amilləri də nəzərə alaraq, bir dəyişənin (asılı olmayan, müstəqil) digərinə (asılı olana) təsirini ölçə bilər.
Keys stadi - Bir, yaxud bir neçə azsaylı subyektin müfəssəl və hərtərəfli tədqiqi nümunələrin müfəssəl tədqiqi (keys stadi (ing. case study) adlanır. Bu strategiya çərçivəsində hadisənin, prosesin, fərdin, ölkənin, sistemin və s. hərtərəfli tədqiqi baş tutur. Belə araşdırmalar izahedici, təsviredici və kəşfiyyat xarakterli ola bilər. Keys stadi strategiyasından, əsasən, qəliz məsələnin başa düşülməsi, müəyyən siyasətin və işin qiymətləndirilməsi, eləcə də, kompleks hadisələr arasındakı əlaqələrin müəyyən edilməsi üçün geniş istifadə edilir. Öyrənilən məsələnin bütün cəhətləri ətraflı tədqiq edilir ki, bu da nümunələrin müfəssəl tədqiqi tipini digərlərindən fərqləndirir. Məsələn, böyük miqyaslı iqtisadi böhran, yaxud yoxsulluğun (tədqiqat predmeti) müxtəlif səbəb və təsirlərinin öyrənilməsində bu tədqiqat strategiyası çox münasib hesab edilir.
3. Metodoloji mövqelər
Tədqiqatlar qəbul edilən metodoloji mövqeyə görə ikiyə ayrılırlar; kəmiyyət və keyfiyyət tədqiqatları.
- Kəmiyyət tədqiqatları əsasən təsviredici və izahedici xarakterə malik olurlar. Onlar problemin miqyasını, tendensiyasını və gedişatını təsvir, dəyişənlər arasındakı əlaqələri müəyyən edərək (təsvir edərək), hadisələrin baş vermə səbəbiniizah edə bilərlər. Sosial xassələrin ədədi formaya çevrilməsi və ədədi informasiyanın toplanması kəmiyyət tədqiqatı metodologiyasına xas cəhətlərdir. Kəmiyyət tədqiqatı metodologiyası çərçivəsində öncədən müəyyənləşdirilmiş və formallaşdırılmış strukturdan istifadə edilərək, sayca böyük seçmə məcmu üzərində sorğular aparılır, araşdırma mövzusu tədqiq edilir. İnanılır ki, çoxsaylı elementlər üzrə aparılan tədqiqatın nəticələri etibarlı ola və ümumi əhalinin səciyyəvi xüsusiyyətlərini özündə təzahür edə bilər.
- Keyfiyyət tədqiqatçıları üçün sözlər, hisslər, və ifadələr əsas diqqət mərkəzindədir. Keyfiyyət metodlarının başlıca məqsədi fərdlərin davranış və fəaliyyətinin motivlərini, habelə onların baxış və müxtəlif məsələlər barəsindəki fikirlərinimüfəssəl şəkildə, təfsilata vararaq öyrənməkdir. Rəqəmlərlə ifadə edilə bilməyəcək xüsusiyyətləri məhz keyfiyyət metodologiyası ilə öyrənmək mümkündür. Keyfiyyət tədqiqatçıları sosial reallığı iştirakçıların gözü ilə görməyə çalışır, çünki inanılır ki, yalnız bu üsulla fərdlərin dünya baxışı və fəaliyyəti başa düşülə bilər.
4. Tədqiqat və nəzəriyyə
Sosial nəzəriyyə və sosial tədqiqat biri-birini qarşılıqlı tamamlayırlar. Başqa sözlə, nəzəriyyəsiz tədqiqat, tədqiqatsız da nəzəriyyə ola bilməz. Nəzəriyyə sual altındakı məsələni qiymətləndirərək nəyi, hansı konkret problemin tədqiq edilməli olduğunu, metodologiya isə necə tədqiq etmək üsullarını göstərir. Əgər induktiv yeni nəzəriyyənin irəli sürülməsi mənasını verirsə, deduktiv tədqiqatda mövcud nəzəriyyə sınanır. Bir tədqiqatda həm deduktiv, həm də induktiv xüsusiyyətləri müşahidə etmək mümkündür.
5. Mövzunun müəyyən edilməsi
Mövzunun (predmetin) müəyyən edilməsində bir sıra amillər rol oynayır. Həmin amillərə tədqiqatçının şəxsi dünyagörüşü və düşüncəsi, həyat və iş təcrübəsi, cari maddi və texniki imkanlar, cəmiyyətdə gedən proseslər, eləcə də, mövzunun aktuallığını göstərə bilərik.
Təəssüf ki, hər şeyi araşdırmaq tədqiqatçılar üçün (hətta ən peşəkarlar üçün) mümkün deyil. Elə hədəf qrupları ola bilər ki, onları müsahibəyə dəvət etmək olduğunuz ölkənin qanunları ilə qadağan edilsin. Elə mövzular ola bilər ki, onun haqqında ümumiyyətlə heç bir statistik məlumat ya toplanmır, ya da ictimaiyyətə açıqlanmır.
Tədqiqat mövzusunun seçilməsində tez-tez yol verilən bəzi xətaları Ualliman belə sadalayır;
- Yalnız maraq xatirinə özünüz üçün maraqlı olan, öz bilginizdəki boşluqları dolduracaq mövzu seçmək
- Yalnız birdən çox statistik məcmuları sadə formada, təsviredici formada müqayisə etmək (məsələn, müxtəlif illər üzrə orta evlilik yaşları)
- iki amil arasında hər hansı elmi əhəmiyyəti olmayan əlaqəni öyrənmək üçün mövzu seçmək
Tədqiqat mövzusunun seçilməsi ilə bağlı şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, cavabı demək olar ki, aydın olan tədqiqat sualını soruşmaq (başqa sözlə, bunun üçün tədqiqat aparmaq) ən azındaın enerji, vəsait və vaxt itkisidir. Təbii ki, tədqiqat mövzusunun seçilməsində ''düzgün'' və ya ''səhv'' qərar yoxdur. Eynilə, böyük bir tədqiqatın içində bir və ya iki sual ilə cavabı böyük ölçüdə proqnoz edilə bilən məsələni soruşmaq ciddi xəta deyil. Məsələn, ''minimum əməkhaqqının artırılmasına münasibətiniz necədir?'' sualını bütün bir araşdırmanın tədqiqat mövzusu kimi seçməkdənsə, bunu bir sual kimi anketdə vermək daha məntiqlidir. Əvəzində, tədqiqat mövzusu kimi ''minimum əməkhaqqının artırılmasının əhalinin sosial vəziyyətinə təsiri'' seçilə, bu problem ictimai rəy sorğusu ilə öyrənilə bilər.